...

Azərbaycan-Macarıstan münasibətləri dərin tarixi köklərə söykənir - ŞƏRH

Siyasət Materials 31 Yanvar 2023 19:58 (UTC +04:00)
Azərbaycan-Macarıstan münasibətləri dərin tarixi köklərə söykənir - ŞƏRH

Bakı. Trend:

Azərbaycan-Macarıstan münasibətləri dərin tarixi köklərə söykənir və təsadüfi deyil ki, Macarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Ölkələrimiz arasında bütün sahələrdə genişmiqyaslı əməkdaşlıq və davamlı dialoq mühiti var. Macarıstan artıq uzun illərdir ki, Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşlarından biridir və Budapeştlə Bakı bütün beynəlxalq platformalarda yaxından əməkdaşlıq edir, bir-birilərinin ərazi bütövlüyünə, suverenliyinə açıq və birmənalı dəstək verirlər.

Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına və ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun daha da artmasına dəstək verən, həmçinin Avropanın mühüm nəqliyyat dəhlizlərinin keçdiyi dinamik iqtisadiyyata malik bir ölkədir. Avstriya, Sloveniya, Ukrayna, Rumıniya, Serbiya, Xorvatiya və Sloveniya kimi ölkələrlə həmsərhəd olması, Mərkəzi Avropada yerləşməsi Macarıstanın Şərqi Avropa ilə Qərbi Avropa arasında mühüm strateji mövqeyə sahib olmasına, iqtisadi-siyasi proseslərin mərkəzində dayanmasına imkan yaradır. Ölkənin logistik imkanları, geniş avtomobil və dəmir yolları şəbəkəsinə malik olması və bu şəbəkələrin qonşu dövlətlərin ərazisi ilə Avropanın ən böyük dəniz limanlarına əlverişli çıxış imkanları yaradır. Macarıstanın coğrafi mövqeyi, eyni zamanda, enerji dəhlizlərinin diversifikasiyası üçün də geniş imkanlar açır və bu amil, şübhəsiz ki, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün əhəmiyyətə malikdir.

Azərbaycan da, şübhəsiz ki, Macarıstan üçün Avropa ilə Asiya arasında körpü rolunu oynayan, olduqca strateji coğrafi mövqeyə, təbii resurslara və geniş logistik imkanlara malik olan dost və qardaş ölkədir. Hər iki ölkənin strateji hədəfləri, həmçinin Azərbaycan və Macarıstan liderlərinin qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı yürütdükləri siyasət iqtisadi-siyasi münasibətlərin daha üstün bir səviyyəyə daşınmasına imkan verir. Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin yeni bir mərhələyə daşındığını təsdiqləyir.

Azərbaycanın Şuşa və Macarıstanın Vesperm şəhərlərinin qardaşlaşması ilə bağlı cənab Prezidentin səfəri çərçivəsində sözügedən şəhərlərin idarəçiləri arasında imzalanmış sənəd isə Macarıstan dövlətinin, dost və qardaş macar xalqının Azərbaycana, onun ərazi bütövlüyünə və mədəniyyətinə olan yüksək münasibətinin nümunəsi kimi dəyərləndirilə bilər.

İmzalanan sənədlərin siyahısı kifayət qədər genişdir və qarşılıqlı faydalı əməkdaşlıq üçün önəm kəsb edən bütün sahələri əhatə edir. Nəzrə almaz lazımdır ki, bundan öncə də Azərbaycanla Macarıstan arasında bir çox sahələrdə əməkdaşlığı ehtiva edən 60-a yaxın ikitərəfli və çoxtərəfli sənədlər imzalanıb və bütün bu sənədlər qarşılıqlı əlaqələrin strateji müttəfiqlik müstəvisinə daşınması üçün mühüm hüquqi baza yaradır.

Əslində, genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Bəyənnamə strateji müttəfiqlik anlamına gəlir və bu, şübhəsiz ki, Prezident İlham Əliyevin Azərbaycanın müttəfiqlərinin, dostlarının sayının daha da artması, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi istiqamətində yürütdüyü siyasətin nəticəsidir.

Elçin Mirzəbəyli,
Siyasi şərhçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti