Bakı. Trend:
Ermənistan revanşist düşüncələrindən əl çəkməlidir.
Bunu Bakı Qlobal Forumunda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin Trend-ə özəl açıqlamasında deyib.
O qeyd edib ki, 1990-cı ilin əvvəllərində SSRİ dağıldıqdan sonra regionda insanların sülh içərisində yaşayacağı düşünülürdü.
“Amma bu mümkün olmadı. Münaqişənin ilk başladığı yer isə Azərbaycan oldu. Ermənistan xarici dəstəklə Azərbaycanın əzəli torpaqlarını işğal etdi. Bu, regiondakı sülhə zərbə oldu. Elə Ermənistan özü də inkişaf baxımından işğalçı siyasətinin əziyyətini çəkir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduğunu qəbul etməlidir. Amma hələ də revanşist düşüncələrə sahibdir. Lakin bu, mümkün deyil. Ermənistan Azərbaycana qalib gələ bilməz. Bu səbəbdən Ermənistan revanşist düşüncələrindən və Azərbaycan torpaqlarını minalamaqdan əl çəkməlidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.