Şuşa. Trend:
Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir keçirilir.
Trend-in məlumatına görə, tədbirin açılış nitqləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanim Vayra Vike-Frayberqa və İsmail Seragəldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən səsləndirilib.
Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak edir. İştirakçılar arasında Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidentləri Kolinda Qrabar-Kitaroviç və İvo Yosipoviç, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri , Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Maldovanın sabiq baş naziri Kiril Qaburiç, Maltanın sabiq baş naziri Cozef Muskat, Bosnia və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcustanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (YUNESKO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse prezidenti Mats Karlson yer alır.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsində (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışçı qismində iştirak edirlər.