Bakı. Trend:
Azad olunmuş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alıb və işlər nəzərdə tutulduğundan da sürətlə gedir.
Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda hazırda mühüm infrastrukturlarla yanaşı, yaşayış məntəqələrinin inşası dayanmadan davam etdirilir.
“Dövlət bütün gücünü bu istiqamətdə səfərbər edib, bu ərazilərdə işlərin sürətləndirilməsi üçün lazımi maliyyə vəsaiti ayrılıb. Cənab Prezident İlham Əliyev ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını, dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verdi. Bu məqsədlə 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilərək Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrıldı. 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, artımdan sonra bu xərc 5 milyard 260,0 milyon manat məbləğində oldu”, - deyə deputat bildirib.
O qeyd edib ki, büdcədən ayrılmış əlavə vəsaitlər Böyük qayıdışın təmin edilməsinin sürətləndirilməsinə, şəhər və kəndlərin bərpası və yenidən qurulmasının genişləndirilməsinə, həmin ərazilərdə əlavə müasir infrastrukturların yaradılmasına, ən qabaqcıl innovativ xidmət şəbəkəsinin qurulmasına yönəldiləcək.
“Həmin ərazilərin sürətli bərpası ölkə iqtisadiyyatının inkişafına da mühüm töhfə verəcək. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin turizm, sənaye, kənd təsərrfüatı və digər sahələr üçün geniş potensialı mövcuddur. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi önəmli amildir”, - deyə deputat qeyd edib.
O əlavə edib ki, qeyd edir ki, büdcədən azad edilmiş ərazilərin bərpasına əlavə vəsaitlərin ayrılması Böyük qayıdış planının daha tez icrasına imkan verəcək.
“Göründüyü kimi, Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatından və başqa dövlətdən yardım almadan yalnız öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzuru bərpa edir, öz əzəli torpaqlarına yiyələnir və bu istiqamətdə yorulmadan səylər göstərir. İşğaldan azad olunmuş ərazilərə büdcədən ayrılan vəsaitin artırılması isə yenidənqurma və bərpa işlərinin sürətlənməsinə müsbət impuls verəcək”, - deyə o vurğulayıb.