...

Ermənilər inkişaf etmək istəyirlərsə, saxta tarixdən, ideoloji və siyasi yalanlardan qopmalıdırlar - Ekspert

Siyasət Materials 2 Avqust 2023 14:02 (UTC +04:00)
Ermənilər inkişaf etmək istəyirlərsə, saxta tarixdən, ideoloji və siyasi yalanlardan qopmalıdırlar - Ekspert
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin “Euronews” kanalına müsahibəsində səsləndirdiyi fikirlər, xüsusilə də ermənilərə ünvanladığı mesajlar istənilən sağlam düşüncəli şəxsin, yaxud toplumun mövcud reallıqları, ən əsası isə həqiqəti dərk etməsi üçün yetərlidir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan, hətta torpaqları işğal altında olanda da daim sülhü təşviq edib, Cənubi Qafqazın inkişafının və təhlükəsizliyinin dialoqdan, əməkdaşlqıdan, yaxın, yaxud sivil qonşuluq münasibətlərindən keçdiyini bildirib. Bu yanaşma, Azərbaycanın Ermənistan üzərindəki ədalətli qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra da davam etdirilib və bu gün də davam etdirilir.

"Qalib ölkənin sülhün təşəbbüskarı kimi çıxış etməsi nadir hadisədir. Yalnız mənsub olduğu xalqla yanaşı, qonşu xalqların, bütövlükdə bəşəriyyətin gələcəyini düşünən liderlər qələbənin doğurduğu hisslərə hakim olmağı, irəliyə baxmağı bacarırlar. Erməni cəmiyyətinin ən böyük problemi gözlərinin önündə cərəyan edən prosesləri düzgün dəyərləndirməyi, reallıqları qiymətləndirməyi bacarmamaları, gözlərini və düşüncələrini ətraf mühitə qapadaraq uzun illər böyü onlara təlqin edilmiş mif və əsatirlərə, tarixi yalanlara inanmaları və ətraflarında baş verənlərə, məhz bu mif və əsatirlər, yalanlar müstəvisindən yanaşmalarıdır. Fəlsəfədə bu yanaşma “solipsizm” adlanır. Solipsizm şəxsin öz şüurunu yeganə və müstəsna reallıq kimi tanımasına, ətraf mühitin obyektiv reallıqlarının tamamilə inkar etməsinə deyilir. Belə düşüncə tərzi subyektiv idealizmin ifrat forması kimi də qəbul olunur və istənilən fərd və cəmiyyət üçün təhlükəlidir", - deyə E.Mirzəbəyli əlavə edib.

E.Mirzəbəyli qeyd edib ki, erməni cəmiyyətini təşkil edən fərdlər əgər inkişaf etmək, təhlükəsiz və firavan yaşamaq, qonşularla normal münasibətdə olmaq istəyirlərsə, ilk növbədə düşüncələrini onlara təlqin edilən saxta tarixdən, mif və əsatirlərdən, ideoloji və siyasi yalanlardan qoparmağa nail olmalı, reallıqları olduğu kimi qəbul etməli və bu reallıqlarla barışmağı, öz imkanlarını, fərd və toplum olaraq potensiallarını düzgün dəyərləndirməyi bacarmalıdırlar.

"Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, “uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi”. Müharibə, nə qədər amansız olsa da real imkanların mübarizəsidir. Müharibənin həqiqətləri qəddardır, amma realdır. Bu hekayələrin qəhrəmanları kimi... Birinci Qarabağ müharibəsində bəlli bir gücün “şineli”nin ətəkləri altında gizlənib qondarma “qəhrəman” obrazlarını erməni cəmiyyətinə sırıyanlar, şübhəsiz ki, onlara həqiqətləri deyə bilməzdilər. Bu baxımdan, Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı fərq də yalanla gerçəklik arasındakı fərq qədərdir. Və bu fərqi təkcə Ermənistan vətəndaşları deyil, Azərbaycan ərazilərində yaşayan ermənilər də görməli, nəticə çıxarmalıdırlar. Əslində, Azərbaycan ərazilərinin işğaldan azad edildiyi dövrdə işğal rejiminin, separatçıların, müharibə canilərinin girov saxladığı ermənilərin necə acınacaqlı vəziyyətdə yaşadıqlarının şahidi olduq. Onlar özlərini “qalib” adlandırırdılar, amma bu qalibiyyət özünü, yalnız Azərbaycan ərazilərini xarici dəstəklə işğal altında saxlanılmasına büruzə verirdi. 30 ilə yaxın zaman kəsiyində Azərbaycanın yaşayış məntəqələri yerlə bir edilmişdi, sərvətləri talanmışdı, qəsb edilmişdi, oğurlanmışdı, amma əvəzində ayrı-ayrı şəxslərə məxsus bir neçə tikilidən başqa heç nə inşa edilməmişdi, Qarabağ erməniləri, az qala feodal dövrünə qaytarılmışdı, vaxtilə Azərbaycan torpaqlarına sığındıqları dövrdən öncəki durumdan da acınacaqlı duruma düşmüşdülər" - deyə E.Mirzəbəyli əlavə edib.

E.Mirzəbəyli əlavə edib ki, Azərbaycan ilk növbədə öz torpaqlarını işğaldan azad edib, amma bununla yanaşı, müharibədən keçən 3 ilə yaxın bir zaman ərzində qalib ölkə və xalq olmanın mükəmməl bir obrazını yaradıb. İndi Qarabağda yaşayan ermənilər, sadəcə ətraflarında həyata keçirilən quruculuq-abadlıq işlərinə nəzər salsalar, vəhşicəsinə dağıtdıqları şəhərlərin, kəndlərin, az qala ildırım sürəti ilə, yüksək entuizazm və sevgi ilə neçə dirçəldiyinə nəzər salsalar, qalib xalqın və dövlətin, eləcə də qalib liderin gerçək obrazını görə bilərlər.

"Və təbii ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək”.

Prezident İlham Əliyevin nişan verdiyi istiqamət onlar üçün yeganə çıxış yoludur. Ya işığa doğru hərəkət edəcəklər, ya da Azərbaycan dövləti onları qaranlıqdan xilas etmək məcburiyyətində qalacaq" - deyə E.Mirzəbəyli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti