Azərbaycanın Ermənistanla şərti dövlət sərhədində, Laçın rayonundakı sərhəd nəzarət-buraxılış məntəqəsinin qarşısında 19 ağırtonnajlı yük maşınının "gözlənti"si hələ də davam edir.
Ermənistanın hakimiyyət dairələri, müxtəlif ölkələrdəki erməni icmasının diaspor təşkilatları və xüsusilə də ermənilərə hamilik edən dövlətlər, təşkilatlar, siyasətçilər bu maşınlarda "sadəcə, humanitar yük" olduğunu söyləyirlər.
Yüklərin qarabağlı ermənilər üçün nəzərdə tutulduğu gün ərzində ən fərqli səviyyələrdə dəfələrlə vurğulanır.
Ermənilər bu aksiyanı "humanitar yardım təşəbbüsü" kimi qələmə verir, "Azərbaycanın humanitar fəaliyyətə mane olduğunu" bəyan edirlər.
Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi arealda yaşayan qarabağlı ermənilər de-yure və de-fakto Azərbaycan sakinləridir.
Onlar Ermənistan pasportu daşısalar da, Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar - bu prosesin alternativi yoxdur.
Ermənistanın hakimiyyət dairələri isə "humanitar yardım" şousunu təşkil etməklə həm "hami"lərindən aldığı siyasi sifarişi yerinə yetirir, həm də Azərbaycanla yekun sülh sazişinin imzalanma prosesini mümkün qədər uzatmağa və imkan yaranarsa, süni maneələr vasitəsilə ümumiyyətlə, situasiyanı gərginləşdirməyə can atırlar.
Ssenari isə bəsit və sadədir, üstəlik, illər əvvəl tətbiq olunmuş geosiyasi oyundur.
"Humanitar yardım" adı ilə separatizmin dəstəklənməsi və "milli müqəddəratını təyin etmək hüquq"larını bəyan etmiş separatçı xuntalara yardım adı ilə prosesin siyasiləşdirilməsi 8 il əvvəl Ukraynada tətbiq olunub.
2014-cü ilin avqust ayında Ukraynanın Donetsk və Luqansk vilayətlərinə ilk dəfə olaraq "humanitar yardım" daşıyan maşın karvanları daxil olmuşdu.
Avqustun 6-da BMT Təhlükəsizlik Şurasının iclasında bu məsələ müzakirə olunarkən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bəyan etmişdi: "Ukraynaya belə qaydada humanitar yardımların daşınması əməliyyatını biz Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qəsd hesab edirik".
Qərb haqlı idi: "humanitar yardım" adı altında Donetsk və Luqanskdakı separatçı xuntalara sila-sursat, amunisiya, radioəlaqə qruğuları, radioelektron kəşfiyyat vasitələri və s. göndərilirdi.
Qərb konkret tələblər irəli sürmüşdü. "Humanitar yardım" daşıyan maşın karvanının Ukrayna ilə sərhəddə saxlanması, yüklərin boşaldılaraq təfərrüatlı və ciddi təftiş yoxlamasından sonra Ukraynanın təqdim edəcəki avtomobillərə yüklənməsi, həmin yüklərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları tərəfindən müşayiət olunması tələb edilmişdi.
Ukraynanın razılığı və rüsxəti olmadan Donetsk və Luqanskdakı separatçılara "humanitar yük"lərin yollanması Ukraynanın suverenliynin pozulması, rəsmi Kiyevə qarşı faktiki aqressiya aktı qismində dəyərləndirilmişdi.
Həmin dönəmdə ATƏT-in baş katibi olan Didye Burkhalter isə söyləmişdi: "Humanitar yardım adı ilə Ukraynanın suverenliyi və ərazi bütövlüyü qulaqardına vurula bilməz. Humanitar yardımlar Ukraynaya əvvəlcədən məlumat verilmək şərtilə, ölkənin suverenliyinə və sərhəd toxunulmazlığı prinsiplərinə sayğı ilə daşınmalıdır".
9 il keçdi, Ermənistana "hami"lik edən dövlətlər həmin ssenarini indi Azərbaycana qarşı tətbiq edirlər.
Lakin bu dəfə qərb ölkələri tamamilə başqa mövqe tutublar.
2014-cü ildə "humanitar yardım" şousuü ilə bağlı Ukraynanı suverenliyini, ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını qeyd-şərtsiz, hətta şəksiz dəstələyən Qərb ölkələri, siyasətçiləri və beynəlxalq təşkilatlar indi mövqelərini diametral dəyişərək ilk baxışdan paradoksal olaraq qarabağlı ermənilərin separatçı xuntası ilə rəsmi İrəvanın aqressiv radikalizminə dəstək verirlər.
Bundan başqa, 9 il əvvəl Donetsk və Luqanskdakı separatçı xuntaların sessiya ssenarisinin tərkib hissəsi olan "humanitar dəhliz" ideyasına qarşı çox sərt çıxan Qərb indi Ermənistandan Azərbaycan ərazisi olan Xankəndinə və əks istiqamətdə "maneəsiz, sərbəst gediş-gəliş"in təminatını tələb edir.
9 il əvvəl heç bir Qərb ölkəsi, siyasətçisi və ya hansısa beynəlxalq təşkilat Ukraynadan sərhədinin bir hissəsini separatçılar üçün açaraq şəfaff etməyi, fiziki şəxslərlə yüklərin hərəkətinin yoxlanmamasıqn istəmirdilər. Tam əksinə, Ukraynaya qarşı belə tələblər yolverilməz, aqressiv sayılırdı.
Xankəndindəki separatçı rejimin lideri, Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkar Araik Arutyunyanın yerli telekanala verdiyi müsahibəsi bəhs etdiyimiz məqamları bir daha sübut edir.
"Humanitar fəlakət", "qarabağlı ermənilərin aclıq çəkmələri" barədə bəhs edən A.Arutyunyan rəsmi Bakının Ermənistanla şərti dövlət sərhədində, Laçın rayonunda sərhəd nəzarət-buraxılış məntəqəsi inşa etməsindən sonra "Azəröaycanın qarabağlı ermənilər üçün konsentrasiya düşərgəsi yaratdığını" iddia edib.
O, daha sonra bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo "rəsmi Bakının yürütdüyü siyasəti soyqırım" adlandırıb.
"Dünya birliyi vəziyyətə reaksiya verir. Reaksiya var, nəticə yoxdur. Beynəlxalq aktorlar bizimlə Bakı arasında ikitərəfli danışıqlar barədə danışanda unudurlar ki, Bakı əvvəlcə belə danışıqlar üçün şərait yaratmalı, təmasların şərtlərin diqtəsi yox, dialoq olmasına çalışmalıdır", - A.Arutyunyan söyləyib.
Onun sözlərinə görə, Rusiya indi Erməniatanı suçlayır, "Paşinyan "Qarabağ Azərbaycan ərazisidir" dedikdən sonra situasiya gərginləşdi" bəyanatlarını verir, Ermənistan hakimiyyəti isə "Rusiya situasiyadan asılı olmayaraq üçtərəfli bəyanatın bütün şərtlərinə əməl etməlidir" deyir: "Hər iki tərəf haqlıdır, lakin Ermənistanla Azərbaycan arasında kommunikasiyaların bərpası məsələsi gündəmdə olduğu üçün qarabağlı ermənilərin problemləri dalana dirənib".
A.Arutyunyanın geniş müsahibəsi İrəvanda qəzəblə qarşılanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyası Xankəndindəki separatçı xuntanın rəhbərinin açıqlamalırını az qala xəyanət sayır.
"44 günlük müharibədən bu günədək Ermənistan bütün səviyyələrdə və müzakirələrdə açıq bəyan edib ki, Zəngəzur dəhlizi layihəsi mümkün deyil, Azərbaycanla bu məsələni müzakirə etmirik və Zəngəzur dəhlizi heç zaman olmayacaq. Araik Arutyunyan isə sözlərinə, işlətdiyi ifadələrə diqqət verməlidir. ", - Paşinyan administrasiyasının nəzarətindəki media resursları vurğulayıblar.
Qarabağlı ermənilərin separatçı rəhbərliyindən artıq sadəcə, Bakıya yox, İrəvana da siyasi təzyiq vasitəsi qismində istifadə olunmaq üçün variasiyaların işə salındığını anlayan İrəvan təhlükənin miqyasını azaldaraq Araik Arutyanyanı oyunda aktiv vəziyyətdə saxlamağa, onun vasitəsilə Xankəndindəki aşkar radikalları zərərsizləşdirməyə çalışır.
A.Arutyanyan birmənalı olaraq Nikol Paşinyanın protejesi, fiqurudur və İrəvandan idarə olunur. Lakin Arutyunyan son vaxtlar Rusiya Federasiyası, İran və Fransanın bölgədə ifrat aktivləşməsini müşahidə etdiyindən daha böyük oyuna qatılaraq dividendlər əldə etmək fikrinə düşüb. Eyni zamanda o, siyasi və fiziki mövcudluğunu da təmin etməyə çalışır.
Azərbaycan qarabağlı ermənilərin reinteqrasiyasına çalışır və təbii ki, danışıqlar masası arzxasında qarşı tərəfin nümayəndələri kimi Araik Arutyayanı, Samvel Babayanı, Vitali Balasanyanı və digər hərbi cinayətkarları yox, yerli sakinlərin nüfuzlu nümayəndələrini görmək istəyir.
Söhbət qarabağlı ermənilərin icmasının təmsilçilərindən gedir - danışıqlarda onlar iştirak edə bilər, separatçı rejimin rəşbərliyi və funksionerləri yox.
Nikol Paşinyan və onun son vaxtlar sahibinə xəyanət etməyə başlamış marionetkası Araik Arutyanyan anlayırlar ki, belə olarsa, yəni reinteqrasiya ilə bağlı danışıqlarla müzakirələrə xunta mənsubları əvəzinə qarabağlı ermənilərin real nümaynədələri qatılarsa, Xankəndindəki sistemin çökməsi başlanacaq. Səbəb sadədir: reinteqrasiya danışıqlarının bəhs etdiyimiz məcrada gedişatı Xankəndindəki xuntanı yerli ermənilərin gözündən salacaq, onlar onillərdən bəri kimlər tərəfindən aldadılaraq səfalətə düçar etdiklərini tam anlayacaqlar və beləcə, RSK-nın müvaqqəti nəzarətindəki ərazilərdə yaşayan ermənilərlə Xankəndindəki xunta arasında siyasi qarşıdurma başlayacaq.
Paşinyanla Arutyunyan buna imkan vermək istəmirlər və zahirən ikili oyun oynayırlar.
Rəsmi İrəvan 19 ağırtonnajlı yük maşınını günlərlə sərhədimizin yanında saxlayaraq humanitar yardım pərdəsi ilə Bakıya qarşı beynəlxalq pressinqə nail olmağa çalışır, Xankəndindəki separatçı rejimsə olmayan aclıq və blokada vaysınmaları ilə situativ gediş edərək problemi siyasi müstəvidən humanitar müstəviyə keçirməyə can atır.
Təbii ki, Azərbaycan belə oyunların müəllifləri ilə iştirakçılarına əla bələd olduğundan primitiv ssenarilərinin işləklik səviyyəsinə qalxmasına imkan verməyəcək.
Azərbaycan suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, habelə vətəndaşlarının təhlükəsizliyinin təminatı məsələsində geri çəkilən deyil.
Bir nanomikron olsa belə...