...

Özbəkistan Prezidentinin ölkəmizə səfəri əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq

Siyasət Materials 19 Avqust 2023 13:13 (UTC +04:00)
Özbəkistan Prezidentinin ölkəmizə səfəri əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.

Bunu Trend-ə Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.

“Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin avqustun 23-də Azərbaycana nəzərdə tutulan səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ olacaq. Özbəkistan 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra erməni işğalından azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verən ölkələrdən biri olub. Özbəkistan Respublikası tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzuli şəhərində 960 şagird-yerlik məktəb inşa edilir.

Bu məktəbin rəmzi mənası daha böyükdür və iki ölkə arasında dostluğun bariz nümunəsidir. Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub.

“1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 160-dan yuxarı sənəd imzalanıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi sahədə də əlaqələr inkişafdadır.

Azərbaycan Özbəkistanla həm ikitərəfli dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərindədir, həm də Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarda birgə təmsil olunur, əlaqələrini həm də bu müstəvidə dərinləşdirir, bir-birinə dəstək verir. Hesab edirəm ki, Özbəkistan Prezidentinin ölkəmizə nəzərdə tutulan səfəri iki dost ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək və əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq”, - deyə A.Hüseynov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti