...

Mərkəzi Asiya Azərbaycanla daha güclü tərəfdaşlıqda maraqlıdır - Tacikistan üçün yeni imkanlar

Siyasət Materials 14 Sentyabr 2023 14:30 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi uzun illər ərzində dəyişməz olaraq Azərbaycanın xarici siyasətinin əsasını təşkil edib. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrindən hər biri ilə tərəfdaşlıq münasibətlərinin qurulmasına xüsusi diqqəti Cənubi Qafqazla əlaqələrin möhkəmlənməsində əsas rol oynayıb.

Hazırkı geosiyasi vəziyyətdə bütün Mərkəzi Asiya dövlətləri Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Bu ölkələrin siyahısına Azərbaycanın qurduğu enerji infrastrukturunun köməyilə neft ixracının həcminin artırılması üzərində çalışan Qazaxıstan daxildir.

Türkmənistan da Azərbaycanla hələ hazırlıq mərhələsində olan layihə çərçivəsində qaz ixracı sahəsində əməkdaşlığa can atır. Özbəkistan Azərbaycanla Orta Dəhlizin inkişafında tərəfdaşlıq nümayiş etdirir, bu dəhliz hazırda Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının Avropa bazarına çıxış üçün ən mühüm marşrutdur.

Baxmayaraq ki,Tacikistan Azərbaycanla Xəzər dənizi üzərindən ümumi sərhədlərə malik deyil və coğrafi cəhətdən uzaqdır, iki dövlət arasında əlaqələr göründüyündən xeyli sıxdır.

Hazırda Tacikistanla Azərbaycan çox sayda iqtisadi əhəmiyyət daşıyan və enerji sektorunu, eləcə də, neft və alüminium sənayesini əhatə edən layihələrin icrası üzrə əməkdaşlıq edir. Tacikistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas sektorları hazırda metallurgiya, aqrar sənaye kompleksinin inkişafı, energetika, yüngül sənaye, nəqliyyat, telekommunikasiya və maliyyə sektorudur.

2023-cü ilin aprel ayınadək Azərbaycan və Tacikistan əməkdaşlığın müxtəlif sahələrini əhatə edən təqribən 62 saziş bağlamaqla ikitərəfli tərəfdaşlığın hüquqi əsasını formalaşdırıb. 5 aprel 2023-cü il tarixində müxtəlif sektorları əhatə edən daha 14 saziş imzalandı. İmzalanan sazişlər arasında ən mühümü iki ölkə hökuməti arasında 2025-ci ilədək iqtisadi əməkdaşlıq planıdır. Planın Azərbaycanla Tacikistan arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin səmərəli mexanizmlərinin hazırlanması üçün təməl olaraq çıxış edəcəyi gözlənilir.

Daha perspektivli sənədlərdən biri nəqliyyat sahəsində əməkdaşlıq barədə razılaşmadır. Bu razılaşma Tacikistan üçün olduqca əlverişlidir. Azərbaycanla Tacikistan arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin informasiya mübadiləsinə dair protokol ticari əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcək və logistikanı optimallaşdıracaq. Azərbaycan Mərkəzi Asiyanın bütün ölkələri ilə möhkəm nəqliyyat əlaqələri qurub və daima onları möhkəmləndirməyə çalışır ki, bu da ölkənin regional nəqliyyat qovşağına çevrilməsinə səbəb olub. Tərəflər arasında, həmçinin, investisiyaların, startapların və sahibkarlığın təşviqinə, eləcə də, humanitar və mədəniyyət sahələrində əməkdaşlığa yönəlmiş sazişlər imzalanıb.

Son zamanlarda Azərbaycan və Tacikistan energetika sahəsində olduqca vədverici layihələrə təşəbbüs göstərib. Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 7 iyul 2023-cü il tarixində keçirilən 6-cı iclasından sonra hər iki tərəf ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ayrı-ayrı layihələrin icrasına dair razılaşma əldə ediblər.

Bu təşəbbüslərə birgə sənaye müəssisələrinin yaradılması və Azərbaycandan "Azeri Light" markalı xam neftin Danqara Azad İqtisadi Zonasında yerləşən neft emalı zavodunun (NEZ) ehtiyacının qarşılanması və daha sonra Tacikistanda neft məhsullarının istehsalı üçün tədarükü daxildir.

Eyni zamanda, 2023-cü ilin ilk 7 ayı ərzində Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsi 2,3 milyon dollardan çox olub ki, bu da Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrlə ümumi xarici ticarət dövriyyəsinin 0,06 faizini təşkil edir. 2022-ci ildə ölkələr arasında ikitərəfli ticarətin həcmi 5,8 milyon dollar olub. Bu rəqəmlər yüksək olmaya bilər, lakin son illər ərzində hər iki tərəf ikitərəfli əməkdaşlığın möhkəmlənməsində nəzərəçarpan uğur əldə edib.

Tacikistan da öz qonşularının yolu ilə gedərək hazırda Azərbaycanda biznes sahəsində mövcud olan xüsusi imkanlardan yararlanmaq üçün öz potensialını kəşf etməyə çalışır. Mərkəzi Asiya ölkələri ilə möhkəm və uzunmüddətli əlaqələr Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan bu regionla əlaqələri möhkəmləndirərək və tərəfdaşları ilə əməkdaşlıq edərək, Mərkəzi Asiya regionunun maraqlı bütün tərəflərin qarşılıqlı faydası üçün inkişafını fəal şəkildə təşviq edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti