Bakı. Trend:
7-10 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının
xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi
nümayəndə heyəti YUNESKO-nun Baş Konfransının 42-ci sessiyasında
iştirak etmək məqsədilə Fransa Respublikasına işgüzar səfərdə
olub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyanın ilk günü
yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Baş Konfransın
vitse-prezidenlərindən biri seçilib.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Baş Konfransın
ümumi siyasi debatları çərçivəsində çıxış edib, habelə bir sıra
ikitərəfli görüşlər keçirib.
10 noyabr tarixində milli bəyanatla çıxış edən nazir müavini Elnur
Məmmədov ölkəmizin Təşkilatın əsəs tərəfdaşlarından biri olduğunu
və mühüm qlobal təşəbbüslərlə mütəmadi olaraq mədəniyyətlərarası və
dinlərarası dialoqu təşviq etdiyini bildirib.
Çıxışında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik
nifrət zəminində ölkəmizin Qarabağ bölgəsində, istərsə də
Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin
tamamilə dağıdılması məsələsinə toxunan nazir müavini bu xüsusda
ölkəmizin dəfələrlə YUNESKO və digər beynəlxalq təşkilatlara
müraciət etdiyini diqqətə çatdırıb.
Azərbaycanın mövcud mədəni irsin qorunmasını təmin etmək üçün
təcili tədbirlərin görülməsinə və müvafiq faktaraşdırıcı
missiyaların təşkilinə dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq
Ermənistan tərəfinin əngəlləri nəticəsində bunun mümkün olmadığı
təəssüflə vurğulanıb.
Çıxışında nazir müavini həmçinin post-münaqişə dövründə ölkəmiz
tərəfindən aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərindən
söz açıb, Azərbaycanın bölgədə mövcud mədəni və dini obyektlərin
bərpasına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə çoxsaylı
addımların atıldığını bildirib.
Səfər çərçivəsində habelə nazir müavini Elnur Məmmədovun
YUNESKO-nun Baş direktoru Odri Azule, Baş direktorun sosial və
humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə ikitərəfli
görüşləri keçirilib.
Görüşlərdə Azərbaycan-YUNESKO münasibətləri, mövcud əməkdaşlıq
gündəliyi, o cümlədən Təşkilatın sosial və humanitar elmlər
sahəsində əməkdaşlıq perspektivləri, ölkəmiz tərəfindən irəli
sürülən çoxsaylı təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Habelə, görüşlərdə Ermənistan tərəfindən istər Azərbaycan, istərsə
də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin
dağıdılması ilə əlaqədar olaraq ətraflı məlumatlandırılıb. Bu
xüsusda, Azərbaycan mədəni irsinin hazırki vəziyyətini
qiymətləndirmək məqsədilə Ermənistana müvafiq faktaraşdırıcı
missiyanın göndərilməsinə dair çağırış edilib.
Azərbaycanın tərəfindən aparılmış antiterror tədbirlərindən sonra
Ermənistanın bölgədə mədəniyyət və tarixi abidələrin təhlükə
altında olması ilə bağlı iddiaların əsassız olduğu və bunun BMT-nin
regiona reallaşdırılan iki missiyası tərəfindən də təsdiqləndiyi
diqqətə çatdırılıb.
Görüşdə mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” təşəbbüsünün
əhəmiyyəti vurğulanıb.
YUNESKO-nun “Bakı Prosesi”, eləcə də Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumun əsas dəstəkçisi və tərəfdaşı
olduğu bildirərək bu əməkdaşlığın davam etdirilməsinə ümidvarlıq
ifadə olunub.
22 noyabr 2023-cü il tarixinədək davam edəcək Baş Konfransın 42-ci
sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti
sahələr üzrə təmsil olunacaqdır.