Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycana humanitar minatəmizləmə sahəsində dəstək göstərməyə davam edəcək.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko ANAMA tərəfindən təşkil olunan "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" mövzusunda 2-ci beynəlxalq texniki konfransda çıxışında deyib.
"Minatəmizləmə layiqli həyat, təhlükəsizlik, tərəqqi və təhlükəsiz qayıdış üçün mütləqdir. Aİ minatəmizləmə sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olub və bu sahədə ən böyük beynəlxalq donordur. 2020-ci ildən ANAMA, eləcə də BMT-nin İnkişaf proqramı (BMTİP), BMT-nin Uşaq Fondunun (UNICEF) və digər beynəlxalq təşkilatlarla birgə bir neçə layihəni uğurla həyata keçirmişik", - deyə Mixalko vurğulayıb.
Onun sözlərinə görə, Aİ qlobal səviyyədə minatəmizləmə səylərini
dəstəkləyən dünya lideridir.
Mixalko həmçinin, Aİ-nin regionda sülh, sabitlik və dayanıqlı
inkişafa şərait yaratmaqla sülhməramlı rolu oynadığını qeyd
edib.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)