Bakı. Trend:
Noyabrın 29-da keçirilən Akademiyanın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə də baxılıb.
Trend xəbər verir ki ,məsələ ilə bağlı çıxış edən Akademik İsa Həbibbəyli qeyd edib ki, ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 5.6. bəndinə əsasən, dünya miqyasında dövlət, ictimai, elm və mədəniyyət xadimləri kimi tanınmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Akademiyanın fəxri üzvləri seçilə bilərlər.
İsa Həbibbəyli diqqətə çatdırıb ki, Akademiyanın Nizamnaməsinin verdiyi səlahiyyətlərə əsaslanan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-da elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, Türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürüb.
Akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, professor Əziz
Səncərə ünvanladığı 24 oktyabr 2023-cü il tarixli məktubda bildirib
ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 29 noyabr 2023-cü il
tarixində keçiriləcək Ümumi yığıncağında görkəmli elm xadimi, Türk
dünyasının fəxri və Azərbaycan xalqının xüsusi rəğbət bəslədiyi
böyük vətənpərvər alim kimi sizin Azərbaycan Milli Elmlər
Akademiyasının fəxri üzvü seçilməyiniz nəzərdə tutulur”. Məktubda o
da bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət
göstərdiyi 78 il ərzində Akademiyanın Ümumi Yığıncağı tərəfindən 13
nəfər fəxri üzv seçilib.
Nobel mükafatı laureatı, professor Əziz Səncərin akademik İsa
Həbibbəyliyə ünvanladığı 25 oktyabr 2023-cü il tarixli məktubda
təklifə müsbət cavab verilib və vurğulanıb ki, “məni vətənim
bildiyim Azərbaycanın adını daşıyan Milli Elmlər Akademiyasının
fəxri üzvlüyünə layiq görən bütün Akademiya üzvlərinə
minnətdarlığımı bildirirəm. Akademiya rəhbərliyinin bu təklifini
böyük məmnuniyyətlə qəbul edirəm. Azərbaycan hər zaman mənim
qəlbimdədir. Bunu hər fürsətdə dilə gətirirəm. Türk dünyasının
ayrılmaz parçası olan can Azərbaycanda elmin inkişafına əlimdən
gələn dəstəyi göstərməyə hər zaman hazır olduğumu bilməyinizi
istəyirəm. Bu vəsilə ilə Akademiyanın bütün kollektivinə gələcək
fəaliyyətində uğurlar diləyirəm”.
Qeyd olunub ki, akademik İsa Həbibbəyli Nizamnamənin 5.15. bəndinə müvafiq olaraq Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması üçün Kimya Elmləri Bölməsinə müraciət edib. Akademik İsa Həbibbəylinin müraciətinə uyğun olaraq, 20 noyabr 2023-cü il tarixində AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib və Şimali Karolina Universitetinin professoru Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
AMEA-nın Kimya Elmlər Bölməsinin Ümumi yığıncağının vəsatətini
nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı
Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə
keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz
Səncər AMEA-nın fəxri üzvü seçilib.