...

Azərbaycanı yeni inkişaf mərhələsinə çıxara biləcək yeganə lider İlham Əliyevdir – Deputat

Siyasət Materials 23 Yanvar 2024 23:00 (UTC +04:00)
Azərbaycanı yeni inkişaf mərhələsinə çıxara biləcək yeganə lider İlham Əliyevdir – Deputat

Bakı. Trend:

2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan dövləti və xalqı qarşısında mühüm çağırışlar edir.

Dövlət müstəqilliyimizin bərpa olunduğu dövrü əhatə edən son 33 ilin hadisələrinin xronologiyasına ötəri nəzər saldıqda görürük ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət strategiyasının məram və mahiyyəti yüzillikləri əhatə edir. Bu strategiyanın uğurla davam etdirilməsi təkcə Azərbaycanın milli maraqlarını deyil, bütün türk dünyasının, eləcə də sülhsevər ölkələr üçün ən səmərəli və faydalı formuladır. Qarşıdan gələn prezident seçkilərindən sonra Azərbaycan həm müstəqilliyinin möhkəmləndirmək, həm də perspektivləri həyata keçirmək üçün yeni dövrə qədəm qoyacaq. Bu strategiyanı uğurla həyata keçirmək iqtidarında olan namizəd İlham Heydər oğlu Əliyevdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, yola saldığımız 2023-cü il Azərbaycanın milli təqviminə bir sıra əlamətdar hadisələrlə yazılıb.

“Ermənistanın yeni ərazi işğalı ilə etdiyi təhdid və davamlı olaraq atəşkəsi pozması Azərbaycan dövləti üçün növbəti təhlükələr yaradırdı. 2020-ci il ərzində də davam edən bu təxribatların qarşısını almaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu işğalçı tərəfə qarşı cavab tədbirlərinə başladı və 44 günlük vətən müharibəsi sayəsində rəşadətli hərbi qələbə əldə edərək otuz illik işğala son qoydu. Təəssüf ki, daim xarici qüvvələrin təsiri altında Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən təcavüzkar Ermənistan kapitulyasiya aktını imza edəndən sonra da bir müddət təslimçilik öhdəliklərini yerinə yetirmədi.

İşğalçı Ermənistan Prezident İlham Əliyevin sülh və mehriban qonşuluq çağırışlarını düzgün dəyərləndirə bilmədi.

Təcavüzkar tərəf xarici havadarlarının himayəsi ilə yenidən revanşist cəhdlərə başladı. Azərbaycan Xankəndi və onun ətrafında törədilən terror aktlarına seyirçi qalmaq niyyətində deyildi. Davam edən təhdid və təhlükələrin genişləndiyini nəzərə alan Azərbaycan təxminən 23 saatlıq antiterror əməliyyatı sayəsində ölkə ərazisində erməni separatizminə son qoyaraq suverenliyini tam bərpa etdi”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin növbəti dövründə qarşıda duran vəzifələr və perspektivlər hər kəsi düşündürən mühüm məsələdir.

“Məhz bu məqam ətrafında qeyd etmək istərdik ki, müstəqilliyi və qazanılmış hərb Zəfərinin tarixi nəticələrini qorumaq Azərbaycan dövləti qarşısında dayanan ən mühüm vəzifədir. Qarabağ Zəfəri dövlət müstəqilliyimizin baş tacıdır. Onun qorunması milli varlığımızın qorunmasının zəmanətidir. Azərbaycanı həm risklərdən qoruya, həm də yeni inkişaf mərhələsinə çıxara biləcək yeganə lider İlham Əliyevdir.

Otuz illik işğala son qoyulması Azərbaycanın sosial-iqtisadi həyatında başlanmış yeni mərhələ çoxistiqamətli tərzdə davam etdirilməlidir. Azad edilən bölgələrdə quruculuq və bərpa işlərinin genişləndirilməsi və böyük qaydışın sürətləndirilməsi, infrastrukturun qurulması, qida təhlükəsizliyi dövlət strategiyası kimi qorunmalıdır.

Yeni Azərbaycan Partiyası başda olmaqla bir sıra təşkilatların Prezidentliyə namizədi olan İlham Heydər oğlu Əliyev bütün bu prosesləri idarə etmək iqtidarında olan alternativsiz LİDERDİR!”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti