...

Sovet Azərbaycanı Heydər Əliyevin liderliyi dövründə müstəqilliyə yaxın dövlətə çevrildi - Zahid Oruc

Siyasət Materials 13 May 2024 15:06 (UTC +04:00)
Sovet Azərbaycanı Heydər Əliyevin liderliyi dövründə müstəqilliyə yaxın dövlətə çevrildi - Zahid Oruc
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Milli kimliyimiz və onun ayrılmaz atributu olan milli dilimizin quruculuğu, statusu, inkişafı XIX əsrin sonu, XX əsrin əvvəllərində yeni elitanın - Azərbaycan maarifçiliyinin meydana çıxması ilə birbaşa bağlıdır.

Trend xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "İkinci Türkçülük çalışmaları: Dil məsələlərimiz" mövzusunda keçirilənelmi konfrans zamanı deyib.

Onun sözlərinə görə, Milli kimliyin “azərbaycanlı”, dilimizin isə azərbaycan dili adlandırılmasının öncülləri M.F.Axundov (“Kəmallüdövlə məktubları” fəlsəfi traktatı), Məhəmməd Şahtaxtlı, Firudin bəy Köçərli (“Azərbaycan ədəbiyyatı”) və parlaq əsərləri ilə Cəlil Məmmədquluzadə olublar. Türkçülük ideyalarını isə “Füyuzat” jurnalında çıxış edən Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad türk ədəbi və fəlsəfi fikrini təmsil edirdilər. Milli kimliyin “türk” adlandırıldığı 1918-1935-ci illər istisna olmaqla, sovetlərin sonunadək “azərbaycanlı” kimliyi üstün mövqeyini qorudu. 1991-ci ildə müstəqilliyin bərpasından sonra milli kimlik ətrafında qızğın müzakirələr yenidən başlandı.

"Tarixə qayıtsaq, 1930-cu ildən Türkiyənin Tarix Qurumu yeni milli mifologiya üçün keçmiş Osmanlı tarixi və mədəniyyəti yerinə, türkçülük əsaslı Orta Asiya və Anadolu mərkəzli yeni tarix hekayəsi inşa etməyə başladı. Erməniəsilli Levon M. Qaraxanyanın 1934-cü ildə rəsmi Moskva tərəfindən Ankaraya səfir təyin edilməsi sovet-türk münasibətlərinə zərbənin ilk siqnalı oldu. Sonrakı illərdə uzaqlaşma sürətləndi və nəhayət, Mircəfər Bağırov Türkiyənin SSRİ tərkibindəki türk xalqları vasitəsilə “pantürkist dövlət qurmaq istədiyi” iddiasını irəli sürərək, yeni siyasətə keçdi.

Sovet dövründə Azərbaycanı dindən uzaq, şərqdən qərbə çəkmək üçün 1928-ci ildə ərəb əlifbasından latına keçildi. İran və Türkiyə üçün sovet inkişaf modelinin nümunəsi kimi Azərbaycan 1930-cu ildən etibarən bu ölkələrə qarşı sipər oldu. Türkiyənin təsirindən qorunmaq üçün latın əlifbası kirillə əvəzləndi. 1935-ci ildən başlayaraq, milli kimlik “azərbaycanlı”, dilimizsə Azərbaycan dili kimi rəsmiləşdi.

Azərbaycanlı kimliyi “xalqlar dostluğu” prinsipi daxilində, öz köklərini dil-din və mədəni birlik əvəzinə tarixi-məkan mənsubiyyəti ilə əsaslandırılaraq, Atropatena, Albaniya kimi, yeni milli-mədəni təbliğat çərçivəsində müəyyən edildi. İkinci dünya müharibəsindən sonrakı illərdə İmam Mustafayevin ilk cəhdlərini qeyd etməklə bərabər, yalnız böyük dövlət adamı Heydər Əliyev milli kimliyin inşası üçün misilsiz fürsətlər açdı, yaşadığı formasiyanı aşan işlər gördü. Milli dövlətçiliyimizin bir çox atributları, idarəetmə elitası və mədəni-ziyalı təbəqəmiz 1970-ci illərdən etibarən, ən yüksək zirvəyə çatdı. Faktiki olaraq, sovet Azərbaycanı Heydər Əliyevin liderliyi dövründə müstəqilliyə yaxın dövlətə çevrildi.

“Vahid sovet xalqı, beynəlmiləl millət” yaratmaq planlarına baxmayaraq, Heydər Əliyev Azərbaycan adını, mədəni və mənəvi kimliyini, dilini, ənənələrini, tarixini və milli ruhunu heç vaxt imperiyanın “millətsizləşdirmə” ideologiyasına qurban vermədi", - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti