...

Xocalı Soyqırımı Memorialının yaradılması dünyaya açıq mesajdır - Deputat

Siyasət Materials 28 May 2024 14:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Müstəqillik Günündə Xocalıda ictimaiyyəti ilə görüşü səmimi görüntülərlə yadda qaldı. İlham Əliyevin Xocalı şəhərinə səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbətləşməsi, Xocalı Soyqırımı Memorialının yaradılması dünyaya açıq mesaj idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, bütün dünya gördü ki, Azərbaycan xalqı milli faciəsini unutmadı, qan yaddaşının silinməsinə imkan vermədi, Zəfər çaldı və öz qisasını döyüş meydanında aldı.

“Xocalıda Memorial Kompleksin yaradılması tarixi hadisədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, layihə çoxdan hazır olub və yer də seçilib. Həmin kompleks Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında salınmalı idi. Dövlətimizin başçısı özü tərəddüd keçirərək tikinti işlərinin başlanılmasına icazə verməyib. Çünki bilirdi ki, biz Xocalıya qayıdacağıq.

Ümumiyyətlə 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvəsi idi. Ən başlıcası qətiyyətli və güclü siyasi iradə, Vətəninə, xalqına bütün ruhu və varlığı ilə bağlı olan dünya səviyyəli lider, möhtərəm, cənab prezident İlham Əliyev və onun yaratdığı dayanıqlı iqtisadiyyat, sistemli və davamlı sosial siyasət, qüdrətli ordu bugünkü uğurların başlıca təməlidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır.

“Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Xalqımız milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış dövlət başçısı İlham Əliyevə tam güvənir. Prezident İlham Əliyevin müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti