Bakı. Trend:
Ermənistanın silahlandırılması bölgədə sabitlik və sülhün yaradılmasına əngəl olan faktordur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Serbiya XİN rəhbərinə işğaldan azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri, insanların geri dönüşü ilə bağlı ətraflı məlumat verilib.
“Ermənistan konstitusiyasında Azərbaycan ərazisinə dair iddiaların hələ də qaldığı faktı qeyd edildi. Sülh və normallaşma prosesi üçün ən ciddi təhdid elementi olduğunu bildirdim. Ermənistan regionda sülh üçün maraqlıdırsa, ciddi addımlar atmalıdır.
Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir”, - deyə nazir əlavə edib.