...

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib (FOTO)

Siyasət Materials 14 Yanvar 2025 11:33 (UTC +04:00)
Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il aprelin 15-də elan edilmiş 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların cari il yanvarın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda andiçmə mərasimi keçirilib.

Trend xəbər verir ki, qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk öncə Fəxri xiyabana gəlib müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil qoyublar.

Daha sonra gənc mütəxəssislər Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi xalqımızın Ulu öndəri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Həmçinin, mərasimin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, başa vurduğumuz 2024-cü il Azərbaycan xalqı və dövlətimiz üçün mühüm hadisələrlə zəngin, yadda qalan bir il olub. Bu hadisələrin əksəriyyəti ölkəmiz üçün uğurlu hesab edilə biləcək qəbildən olsa da, 25 dekabr 2024-cü il tarixində yaşanan təyyarə qəzası ilə bağlı baş vermiş faciə hamımızın qəlbində dərin izlər buraxdı. Bu qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyən Baş prokuror xəsarət alan şəxslərə tezliklə şəfa tapmalarını arzu edib.

Qeyd edilib ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər səlnaməsinin memarı, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Bildirilib ki, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük haqq savaşında qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ötən ilin 07 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri, 01 sentyabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib.

Uğurla keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Prezident İlham Əliyev mütləq səs çoxluğu ilə (92,12%) Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü ildə digər nailiyyətimiz isə Prezident İlham Əliyevin hərb meydanındakı qələbəsindən sonra diplomatik sahədə davam etdirilən uğurları olub. Azərbaycanın hərbi qüdrətinin şahidi olmuş Ermənistan siyasi rəhbərliyi, ölkəmizin, onun rəhbərinin diplomatik sahədə də mühüm söz və mövqe sahibi olmasını birmənalı olaraq qəbul etmiş və bunun nəticəsində 30 ildən artıq işğal altında olan Qazax rayonunun 4 kəndinin Azərbaycan Respublikasına qeyd-şərtsiz qaytarılması təmin edilib.

Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına görülən bütün bu işlər, heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardım almadan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpa edilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

Həmçinin, diqqətə çatdırılıb ki, ötən ilin 27 sentyabr - 02 oktyabr tarixlərində paytaxt Bakı şəhərində Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə 170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağı yüksək peşəkarlıqla təşkili olunmaqla keçirilib.

Bakıda keçirilən COP29 çərçivəsində noyabr ayının 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə COP29 Sədrliyinin təşəbbüslərindən biri olan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda plenar iclas keçirilib.

Bundan başqa, qeyd olunub ki, 2024-cü ildə Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində ümumilikdə 2548 epizod üzrə ittham olunan Ruben Vardanyan, Qukasyan Arkadi Arşaviri, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki və qeyriləri olmaqla, 16 nəfər barəsində istintaq olunmuş cinayət işləri yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xüsusi ilə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğunun yaradılması, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində ötən il Prezidentin Sərəncamına əsasən ilk dəfə olaraq yaradılmış həmin prokurorluğun, eyni zamanda Şuşa, Xocalı və Xocavənd, habelə Şəki rayon və Bakı şəhəri Nərimanov rayon prokurorluqlarının yeni inzibati binalarının açılışı, digər rayon prokurorluqları üçün müasir iş şəraitinin qurulması prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğının təcəssümüdür.

Qeyd olunub ki, bu gün burada qulluğa qəbul olmuş gənclərdən 2-i Vətən müharibəsinin iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla, gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib.

Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən Dövlət Proqramları və digər çoxsaylı tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynamış, paytaxt və rayonlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə qabaqcıl infrastrukturun yaradılması gəncliyin uğurlu gələcəyinə hesablanıb.

“Əminliklə deyə bilərik ki, müstəqil dövlətimizdə vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub”.

Qeyd olunmuşdur ki, həmin Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 15 aprel 2024-cü il tarixdə elan edilmiş 26-cı müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 56 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə müvafiq əmr elan edilmiş, işə qəbul olunanlar təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Ülviyyə Nuriyeva və Qabil Əlizadə çıxış edərək, gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başısına öz minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti