...

Rusiyanın Azərbaycana yönəlik siyasətində qeyri-səmimilik, dost olmayan münasibət – ŞƏRH

Siyasət Materials 27 Yanvar 2025 18:18 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi Rusiyanın Azərbaycanı işğal etməsinin rəsmiləşdirilməsidir. Bundan sonra iki əsrdən çox müddət ərzində Rusiyada dövlət quruluşu, idarəetmə forması, ideologiyanın dəyişməsinə baxmayaraq, Azərbaycan torpaqlarını işğal altında saxlamaq və ya buna cəhd göstərmək səyləri dəyişmədi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Rusiya işğalından epizodik olaraq 1918-1920-ci illərdə qurtulsaq da, Azərbaycan 1920-ci ildə Qızıl Ordunun ölkəyə daxil olması ilə yenidən işğala məruz qaldı:

“Müstəqilliyimizi yalnız 1991-ci ildə əldə edə bildik. Burada isə imperialist siyasətin başqa fəsadları ilə üzləşdik. Baxmayaraq ki, de-yure müstəqil olduq, amma ərazilərimiz işğal altında idi, Rusiya tərəfindən Azərbaycana qarşı yeni, modernist imperiya üsulları ilə müharibə aparılırdı.

Məsələn, 1992-ci ildə Xocalı soyqırımında 366-cı batalyonun iştirak etməsi, 1997-ci ildə bir milyard dollarlıq silah-sursatın Ermənistana pulsuz verilməsi, Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalına dəstək Rusiyanın əməlləri, imperialist ambisiyaları idi. Hələ müstəqillikdən əvvəl 1990-cı ildə Azərbaycana ordu yeridilib. Bütün bunlar bizi 200 illik tariximizdə yaşadığımız faciələrdə Rusiya izi axtarmağa məcbur edir”.

Hikmət Babaoğlu vurğulayıb ki, kədərli və uzun tarixə nəzər salsaq, ən parlaq səhifələr son 5 ildə yaşanıb:

“2020-ci ildə əldə etdiyimiz tarixi zəfərlə Sovet və Çar Rusiyası dövrünün xəritələri əsasında bizə qalan inzibati siyasi sərhədin hüdudlarını bərpa etmişdik, amma bu, tam qələbə deyil idi. Azərbaycan xalqı bundan qurtulmaq üçün öz müdrik Prezidenti və qətiyyətli sərkərdəsinin rəhbərliyi altında sonuncu strateji həmləni edərək 100 ildir, Azərbaycanın tərkibində süni şəkildə yaradılmış “Dağlıq Qarabağ” adlandırılan terrorçu yuvanı da darmadağın etməyi bacardı. Bu, 1805-ci ildən 2023-cü ilədək dövrü əhatə edən tariximizin zirvə nöqtəsi idi”.

Deputat təəssüflə bildirib ki, hazırkı mərhələdə də Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaşanır.

“Azərbaycanın mülki aviasiya təyyarəsi Rusiya səmasında hücuma məruz qalır, vurulur, ancaq bununla bağlı etiraflar edilmir. Bu onun göstəricisidir ki, Rusiyada hələ də imperialist ambisiyalardan xilas olan siyasi təfəkkür formalaşmayıb. Amma vəziyyət necə olursa olsun, Azərbaycan buna nail olacaq və özünə münasibətdə tarixi ədaləti bərpa edəcək”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə isə Trend-ə açıqlamasında Azərbaycanın tarixdə yaşadığı bəzi hadisələri Rusiya ilə əlaqələndirib:

“Azı 200 il ərzində Azərbaycanın başına gələn bəlaların kökündə Rusiya amili dayanır. Rus imperiyası dönəmində Azərbaycan işğalla ikiyə bölünüb, AXC süquta uğradılıb, 70 il ərzində sovet dönəmində Azərbaycan xalqının başına bəlalər gətirilib, 20 min kvadrat-kilometr ərazimiz ermənilərə peşkəş kimi verilib. Bugünkü Zəngəzur dəhlizi problemi də sovet vaxtı həmin ərazinin orada yaşayan xalqın rəyi nəzərə alınmadan ermənilərə verilməsi, azərbaycanlıların deportasiya olunması nəticəsində yaranıb. Hədəf Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqələrinin kəsilməsi olub. Qarabağ problemi, qondarma dövlətin bu ərazilərdə özünə yer etməsi, torpaqlarımızın 30 il işğalda qalmasının kökündə də Rusiya amili dayanır. Ermənistan tək başına işğal edib nəzarətdə saxlaya bilməzdi”.

Millət vəkilinin sözlərinə görə, müstəqilliyimizi əldə etdikdən sonra çox böyük problemlərlə üzləşməyimizə baxmayaraq, iqtisadiyyatımızı yenidən qurduq, qaçqın, məcburi köçkün problemini həll etdik:

“İkinci Qarabağ savaşının dayandırılmasında da Rusiyanın “xidmət”i olub. Sülhməramlı adı altında Rusiya hərbçilərinin Qarabağda həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, ermənilərə havadarlıq etmələri, silah-sursat daşınmasında dəstək, kolonların müşhadəsi unudulmamalıdır. Azərbaycan ərazisində səngərlər qazılanda rus hərbçiləri sipər olurdular. Antiterror əməliyyatları keçirilərkən rus hərbçilərinin təxribat xarakterli addımları nəticəsində onlar həlak oldular”.

Deputat əlavə edib ki, Azərbaycan region dövlətləri ilə əməkdaşlığa hazırdır:

“Keçmişi unutmadan Rusiya ilə də münasibətlərimizin normallaşmasında maraqlıyıq. 2022-ci il fevralın 22-də Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik bəyannaməsi imzalanıb. Bu müqavilənin də bəndlərinə sadiqik, bir halda ki, qarşı tərəf də eyni münasibət sərgiləsin. Təəssüf ki, zaman-zaman bunun əksini görürük.

AZAL-a məxsus sərnişin təyyarəsi birmənalı olaraq Rusiya tərəfindən vuruldu. Rusiya tərəfi bu cinayəti etiraf etməli, günahkarları cəzalandırmalı, beynəlxalq hüquq normalarına uyğun olaraq təzminat ödəməli, Azərbaycan xalqından və dövlətindən üzr istəməlidir. Bunlar edilməsə, Rusiyanın Azərbaycana yönəlik siyasətində qeyri-səmimilik, dost olmayan münasibətin şahidi olacağıq və bununla bağlı mövqeyimizi bildirəyəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti