Bakı. Trend:
28 yanvar 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail
Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı, Rusiya
mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən
dezinformasiya xarakterli və ölkəmizi hədəf alan yazıların dərc
olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı,
bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və
ruhuna zidd olduğu diqqətə çatdırılıb.
“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə
qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum
olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə
bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan
edildiyi xatırlanıb.
Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun
rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində
fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin
tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.