Bakı. Trend:
AZAL-ın J2-8243 reysi üzrə Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qroznıya yaxınlaşanda hava dumanlı olub. Birinci cəhddə enmək mümkün olmayıb. Dövrə vuraraq ikinci dəfə həmin aeroporta enməyə çalışıb. Buna nail ola bilməyib və havaya qalxarkən ona kənar zərbə endirilib, bunu “qara qutu”dakı məlumatlar da göstərir. Aradan bir neçə saniyə keçdikdən sonra yenidən zərbə endirilib. Kənar müdaxilə nəticəsində təyyarənin gövdəsində dəliklər əmələ gəlib. Zərbə nəticəsində göyərtədə olan sərnişinlər zərər görüb.
Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, təyyarə hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar qəbul edib:
“Lakin təyyarə “Pantsir-S1”lə vurulub, onun mərmiləri təyyarəni dəlmə-deşik edib. Qroznı üzərində 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydə alınıb. Birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilib, 05:21:42-də əlaqələndirici dispteçer “Kovyor” əməliyyatı barədə Qoznıya məlumat verib. Bu, hava gəmisinin pilotuna bildirilməyib".
Politoloq hesab edir ki, bütün bunlar təyyarənin məhz Qroznı hava limanının üzərində Rusiya HHM tərəfindən vurulduğunu göstərir.
"Rusiya tərəfi bu hadisədən sonra izi itirmək, ört-basdır etmək istəyib. Lakin Prezident İlham Əliyevin qətiyyətli tələbindən sonra beynəlxalq komissiya yaradıldı. “Qara qutu” təyyarənin istehsalçı ölkəsi olan Braziliyada deşifrə edildi. Rusiya Azərbaycanın tələbindən sonra razılaşdı ki, araşdırma beynəlxalq səviyyədə aparılsın. Araşdırmalardan sonra daha da aydın olur ki, təyyarəmiz məhz Rusiya hava məkanında vurulub. Bundan sonra Rusiya tərəfi rəsmi şəkildə üzr istəməlidir. Cinayətkarlar cəzalandırılmalıdır. Azərbaycana kompensasiya ödənilməlidir”, - deyə E.Həsənov qeyd edib.