Bakı. Trend:
Səudiyyə Ərəbistanının Məkkə şəhərində II Halal Forumu öz işinə başlayıb. “Halal vasitəsi ilə dayanıqlı inkişaf” mövzusuna həsr olunan tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır.
Trend xəbər verir ki, fevralın 27-dək davam edəcək forum çərçivəsində təşkil olunan sərgidə Azərbaycan pavilyonu da yer alıb. Pavilyon Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə qurulub və ölkəmizin halal məhsul və xidmətlərini qlobal bazara tanıtmaq üçün geniş imkanlar yaradır. Burada Azərbaycanın tanınmış şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər.
Forumda 60-dan çox ölkədən nümayəndələr, halal biznes sahəsinin təmsilçiləri iştirak edir. Tədbir çərçivəsində 400-ə yaxın B2B görüşünün keçirilməsi planlaşdırılıb.
Forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunduğu platformadır.
Qeyd edək ki, ilk dəfə 2024-cü ildə keçirilən forumda 120 ölkədən 6000 iştirakçı qatılmışdı və Azərbaycan həmin tədbirdə fəal iştirak etmişdi.