Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Trend xəbər verir ki, bu barədə səfir sosial şəbəkədəki hesabında paylaşım edib.
"Xocalı faciəsindən 33 il keçir. Mən bütün azərbaycanlılarla birlikdə bu soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah rəhmət eləsin!", - diplomat paylaşımında yazıb.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.