...

Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının növbəti ildönümü qeyd olunub (VİDEO)

Siyasət Materials 1 Mart 2025 14:00 (UTC +04:00)
Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının növbəti ildönümü qeyd olunub  (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 21-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ƏÜO və ictimaiyyət nümayəndələri, Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyəti və digər qonaqların iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsini icra edən polkovnik Rəşad Əsgərov qonaqları və şəxsi heyəti salamlayaraq onları Liseyin yaradılması günü münasibətilə təbrik edib, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov çıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağının ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərdiyini, cəmiyyətdə hərb peşəsinin nüfuzunun yüksəlməsində və taleyini bu sahəyə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Kursantlara Vətənə, dövlətə və Müzəffər Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, fərdi bacarıq və intellektual səviyyələrini daim artırmalarını, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyə edib.

Tədbidə çıxış edənlər Hərbi Liseyin yaradılması, keçdiyi inkişaf yolu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında Hərbi Liseyi müxtəlif illərdə bitirmiş məzunların göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Sonra hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris və məişət səraiti ilə bağlı videoçarx təqdim olunub. ƏÜO-nun Təlim və Tədris Mərkəzinin və Hərbi Liseyin yaradıcı kollektivinin iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.
Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti