Bakı. Trend:
Azərbaycan mina çirklənməsinin fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını bildirib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin X hesabında paylaşılan bəyanatda deyilir.
Martın 10-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Azərbaycanın daimi missiyası bəyanat təqdim edib. Bəyanatda Azərbaycan hökumətinin fiziki məhdudiyyətli qadınların ictimai həyata inteqrasiyasına, sosial müdafiə, reabilitasiya və fiziki məhdudiyyətli şəxslərin xüsusilə kənd yerlərində ixtisaslarının artırılması və əmək imkanlarının yaxşılaşdırılmasına yönəlmiş proqramlara xüsusi əhəmiyyət verdiyi vurğulanıb.
Azərbaycan həmçinin öz ərazisində mina çirklənməsinin yüksək səviyyəsi ilə bağlı narahatlığını ifadə edib. Bəyanatda, əhalinin böyük bir hissəsinin keçmiş işğal olunmuş ərazilərdə erməni qüvvələri tərəfindən yerləşdirilmiş minalardan əziyyət çəkdiyi qeyd edilib.
“Mina çirklənməsi və Ermənistanın dəqiq mina sahələri xəritələrini təqdim etməkdən imtina etməsi qadınlar və uşaqlar da daxil olmaqla insanların həyatını almağa və şikəst etməyə davam edir”, – bəyanatda deyilib.
Rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardan təmizlənməsində dəstək göstərməyə çağırıb və xüsusi məruzəçidən mina qurbanları probleminə diqqət yetirməsini xahiş edib.
Bundan əlavə, Azərbaycan Qırğızıstan hökumətinə fiziki məhdudiyyətli şəxslərin hüquqları üzrə xüsusi məruzəçi ilə əməkdaşlığa görə təşəkkürünü bildirib və Qırğızıstanın fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması üçün gördüyü tədbirləri təqdir edib.