Bakı. Trend:
BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində KOBİA və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC) birgə təşkilatçılığı ilə "Bakı İqlim Koalisiyası - KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi" mövzusunda yan tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın “Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədində 5-ci prioritet olaraq “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” göstərilməsi təsadüfi deyil. Komitə rəsmisi Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaşıl enerji layihələri və bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi barədə məlumat verib. Həmçinin, Azərbaycanın 2024-cü ili “Yaşıl Dünya Uğrunda Həmrəylik” ili elan etməsi və COP29 tədbirinə ev sahibliyi etməsinin əhəmiyyətini qeyd edib.
KOBİA-nın idarə heyəti sədrinin müavini Rüfət Atakişiyev də çıxış edərək, 2024-cü ilin aprelin 1-dən qadın sahibkarlarının sayının 307 min nəfəri keçdiyini bildirib. O, sosial-iqtisadi inkişaf strategiyasının qadınların iqtisadi imkanlarını artırmağa xidmət etdiyini və KOB-ların qlobal iqtisadiyyatda önəmli rol oynadığını vurğulayıb. Atakişiyev, Bakı İqlim Koalisiyasının yaşıl keçidə dair Birgə Bəyannaməsinin qlobal iqtisadiyyat və yaşıl iqtisadiyyata keçid məsələsində KOB-ların dəstəklənməsinin vacibliyini qeyd edib.
BMT Cənub-Cənub Əməkdaşlığı Ofisinin (UNOSSC) direktoru Dima Əl-Xatib, İƏT-in BMT yanında daimi müşahidəçisi Hamid Ajibaiye Opeloyeru və SESRIC-in direktoru Zehra Zümrüt Selçuk də çıxış edərək, KOB-ların inkişafı, qadınların rolu və COP29-da qarşıya qoyulmuş hədəflərin icrası ilə bağlı fikirlərini bölüşüblər.