Bakı. Trend:
Qlobal Bakı Forumu bu gün xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Albaniyanın Prezidenti Bayram Beqay deyib.
"Yenidən Bakıda olmağıma şadam. Qlobal Bakı Forumu əlamətdar hadisədir, xüsusən indi, belə çətin vaxtlarda. Forumun “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” devizi xüsusi məna kəsb edir və əminəm ki, bütün iştirakçılar öz fikirlərini bölüşə, dünyadakı vəziyyətlə bağlı fikirlərini bildirə bilərlər", - o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.