Bakı. Trend:
Azərbaycan ve Suriya xarici işlər nazirləri arasında telefon danışığı baş tutacaq.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra öz fəaliyyətini bərpa etdi. Çünki zamanında Suriyada Azərbaycan səfirliyi mövcud idi. Daha sonra isə keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı atılan qeyri-dost addımları fonunda bizim səfirliyimizin orada fəaliyyəti dayandırılmışdı. Biz yeni vəziyyəti, yeni reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətlə ünsiyyətə keçdik. Bilirsiniz ki, səfirliyin fəaliyyətinin bərpa olunmasından öncə Azərbaycan nümayəndə heyəti Suriyaya səfər etmişdi, görüşlər keçirmişdi. Bizim təmaslarımız davam edir. Artıq ilk humanitar yardım ölkəmiz tərəfindən Suriyaya göstərilib. Eyni zamanda bir neçə gün bundan öncə Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər İclasında Suriyanın yenidən İƏT-dəki fəaliyyətinin bərpa olunmasına dair qərar qəbul edilmişdi. Azərbaycan da həmin qərarı dəstəkləmişdi. Yaxın zamanlarda bizim Suriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdə tutulub və biz bir sıra məsələləri müzakirə edəcəyik", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Suriyanın suverenliyini, ərazi bütövlüyünü, onun inkişafını dəstəkləyir.
"Bundan sonra da Azərbaycan dövləti humanitar layihələrə dəstəyini verəcək. Eyni zamanda həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar kontekstində Suriyanın beynəlxalq münasibətlər sisteminin tamhüquqlu aktoruna çevrilməsi üçün ölkəmiz əlindən gələn dəstəyi göstərəcək", - deyə C.Bayramov bildirib.