Bakı. Trend:
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi bizim üçün vacibdir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi zamanı deyib.
"Bilirsiniz ki, Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin açılması ilə bağlı 2020-ci ilin noyabrında qəbul edilən üçtərəfli bəyanatda konkret maddə var. Azərbaycan və Ermənistan arasında da əlaqələrin açılması ilə bağlı da ümumi bəyanat var. Azərbaycanda, bilirsiniz, unikal vəziyyət var və unikal vəziyyət ondan ibarətdir ki, ölkənin iki hissəsi var, onlar bir-birindən ayrıdır. Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən dəmir yolu hələ sovet vaxtında olub. Yeri gəlmişkən, bu dəmir yolu hələ sovet dövründə Azərbaycan Respublikasının dəmir yolu sisteminin bir hissəsi idi və Azərbaycan dəmir yolu sistemi tərəfindən idarə edilirdi. Naxçıvan Muxtar Respublikası bu vəziyyətin girovuna çevrilib. Ona görə də Azərbaycandan Azərbaycana nəqaliyyat əlaqəsi bizim üçün çox vacibdir", - o bildirib.