Bakı. Trend:
Məşhur “Qutadqu-bilik”də qeyd olunur ki, “səadətə aparan əqldir”. Otuz il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saatda şərəf və sevinc gətirən Ali Baş Komandan xalqımızın səadətini qurdu. Prezident İlham Əliyev sabahın memarı olaraq hər bir ötən günü gələcək naminə qurub. Azərbaycan qalib dövlət olmasına baxmayaraq, Ermənistan ilə sülh sazişi bağlamağın təşəbbüskarıdır.
Trend xəbər verir ki, bu fikirləri bu gün Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri" mövzusunda konfransda söyləyib.
Professor Kamran İmanov çıxışında Prezident İlham Əliyevin bu il aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda söylədiyi fikirlərdən bir neçəsinə diqqət çəkib:
-“Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi”.
-“Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir”.
-“…Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən”.
Daha sonra Kamran İmanov ermənilərin səmimiyyətdən uzaq olduqlarını, ikiüzlü davranışlarını və revanşizm istəklərini qeyd edərək bildirib: “Ötən ilin aprelində və sonra fikrini təkrarlayan Paşinyan parlamentdə çıxış edərək, qonşularla münasibətdə Ermənistanın keçmişini yenidən dərk etmək çağırışı edib və qeyd etdiyinə əsasən, “tarixi Ermənistan” və “real Ermənistan” bir-biri ilə ziddiyyətdə olduğuna görə, təhlükələr yaradır. Onun sözlərinə əsasən, dünyaya Van çarlığının mövqeyindən yox, bugünkü Ermənistan dövlətinin mövqeyindən baxılmalıdır, əks halda dövlətçiliyimizin qurulmasına zərər gətiriləcək.
Yaxud, bu yaxınlarda Gümrü şəhərində partiya soydaşları qarşısında aşağıdakı etirafla çıxış edib: “Tarixi Ermənistandan real Ermənistana keçməliyik, əks halda real Ermənistan tarixi Ermənistana çevrilə bilər”.
Lakin bunlar yalnız sözlər idi, hərəkətlər isə əksini göstərir. Paşinyanın dedikləri ilə əməli düz gəlmir: bir tərəfdən sərhəddə atəş açılır, digər tərəfdən sülh sazişinin perspektivindən danışır. Əgər bu etiraflar səmimidirsə, bəs real Ermənistan hansı səbəbdən sülh sazişinin dövlətimizin təbii olan şərtlərini həll etmir və sazişin bağlanmasını uzadır?”.