Bakı. Trend:
BMT, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına dəstək olmaq məqsədilə vətəndaş cəmiyyəti ilə işini davam etdirəcək.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
"QHT ittifaqlarının gücləndirilməsi təkcə birgə fəaliyyət deyil. Bu, həm də əməkdaşlıq və innovasiyalar üçün şərait yaradan məkanların qorunması deməkdir. BMT-nin Azərbaycandakı nümayəndəliyi olaraq, biz vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgə işi davam etdirməyə, Azərbaycanın milli inkişafa dair prioritetlərinə və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına dəstək verməyə böyük ümidlə yanaşırıq", – deyə o qeyd edib.
Andreyeva bildirib ki, bəzi ölkələr, o cümlədən, Azərbaycan, təhsil və səhiyyə kimi sahələrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda uğur qazansalar da, qlobal miqyasda bərabərsizlik hələ də qalmaqdadır.
"Bir çox ölkələr hələ də iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluq səviyyəsinin azaldılması və dayanıqlı istehlak sahələrində məqsədlərə çatmaqda ciddi çətinliklərlə üzləşir. Sürətləndirilmiş səylərin zəruriliyi heç vaxt bu qədər aktual olmamışdı. Hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor maliyyələşməni artırmaq, siyasətlərin icrasını gücləndirmək və vətəndaş məkanını qorumaq üçün birgə çalışmalıdırlar ki, mühüm irəliləyiş əldə edilsin", - deyə Andreyeva vurğulayıb.