Bakı. Trnd:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
Trend xəbər verir ki, ifadə verən zərərçəkmiş şəxs Mehman Həsənov Ağdam rayonunun Mollalar kəndi ərazisində yol inşasının həyata keçirilməsi məqsədilə qazıntı və quruculuq işlərinin aparılması üçün həmin əraziyə ekskavator sürücüsü qismində ezam olunduğunu bildirib.
O qeyd edib ki, iş başında olarkən - ekskavatorun yaxınlığında dayanaraq iş planlaşdırılması etdiyi zaman mərmi partlayışlarının səsləri eşidib, bu zaman gizlənmək üçün yaxınlıqda olan ağaclıq sahəyə hərəkət edib.
Zərərçəkmiş şəxs təxminən 80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər aldığını və ətrafda olan şəxslərin köməkliyi ilə Ağdam Rayon Mərkəzi xəstəxanasına gətirildiyini deyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.