Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Millət vəkili bildirib ki, Azərbaycanla Macarıstan arasında sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur:
“Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq mərhələli şəkildə inkişaf edib. Hər iki ölkə Avropada və Avrasiya məkanında qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq qurmağa nail olub.
Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Macarıstan, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, xüsusilə 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı və sonrakı dövrdə Azərbaycanın mövqeyini beynəlxalq platformalarda açıq şəkildə müdafiə edib.
Prezident İlham Əliyevin Macarıstana və Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycana etdiyi səfərlər zamanı imzalanan sənədlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verib. Xüsusiə qeyd etmək lazımdır ki, 2023-cü ildə Macarıstanla imzalanan “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirib”.
Deputat vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında iqtisadi-ticari əlaqələr də bu illər ərzində dinamik inkişaf edib:
“Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələri genişlənməkdədir. Enerji sektoru bu əməkdaşlığın əsas sütunlarından biridir. Macarıstan Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını dəstəkləyən ölkələrdəndir. 2023-cü ildə Azərbaycan qazının Macarıstana ixracına dair razılaşmalar imzalanıb və bu əməkdaşlıq enerji təhlükəsizliyi sahəsində mühüm addım kimi qiymətləndirilib.
Eyni zamanda, kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları və nəqliyyat sahələrində də əməkdaşlıq perspektivləri genişdir. Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası bu istiqamətdə mühüm koordinasiya rolunu oynayır”.
A.Həsənova əlavə edib ki, Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və strateji maraqlar əsasında inkişaf edir:
“Bu əlaqələr yalnız hər iki ölkənin milli maraqlarına xidmət etmir, həm də Avropa və Avrasiya regionunda sabitlik və tərəqqiyə töhfə verir. İnanıram ki, gələcəkdə iqtisadi, enerji, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlıq daha da dərinləşəcək”.