Naxçıvan.Trend:
“Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd edilməsi özbək jurnalistlərini də sevindirir. Biz yaxşı bilirik ki, milli mətbuat Azərbaycan tarixinin müxtəlif mərhələlərində mühüm rol oynamışdır”.
Trend xəbər verir ki, bunu Naxçıvanda keçirilən “MEDİAFEST-2025”ə ünvanladığı təbrikdə Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif bildirib.
O deyib: “Müstəqillik dövründə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə milli mətbuatın inkişafına şərait yaradılmışdır. Bu gün də Azərbaycanın müasir inkişaf mərhələsində milli mətbuat mühüm vəzifələr yerinə yetirir. Xüsusən “informasiya hücumları”nın yaşandığı indiki dövrdə qərəzsiz məlumatların yayılmasında, əhaliyə obyektiv məlumatların çatdırılmasında milli mətbuatın rolu böyükdür. Özbəkistan Jurnalistlər İttifaqı nəzdində fəaliyyət göstərən Gənc Jurnalistlər Birliyinin sədri kimi azərbaycanlı həmkarlarımızı və jurnalistləri milli mətbuatın 150 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.