Bakı. Trend:
Azərbaycan və Ermənistan problemli məsələləri ikitərəfli qaydada həll etmək öhdəliyi götürüblər. Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq hüquqi iddialardan imtina edirlər.
Trend xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.
"Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər", - sənəddə deyilir.