Bakı. Trend:
İkinci Qarabağ müharibəsi və qısa müddətli lokal antiterror əməliyyatının nəticəsində beynəlxalq hüququ və beynəlxlaq ədaləti döyüş meydanında təmin edən dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Baxmayaraq ki, Azərbaycan tarixə qovuşan münaqişənin qalib tərəfi idi, məhz ölkəmiz post-münaqişə dövründə sülh gündəliyini əsas prioritet kimi bəyan etdi.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, Vətən müharibəsi ilə işğala son qoyulduqdan sonra Azərbaycan sülhün siyasi vasitələrlə təmin edilməsinə çalışıb.
“Dövlətimiz Zəfər müharibəsi başa çatdıqdan dərhal sonra ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması və beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb və bəyan edib ki, həmin prinsirlərə uyğun olaraq Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırdır.
Məhz Azərbaycanın ardıcıl səyləri nəticəsində cari ilin avqust ayının 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin Vaşinqtonda keçirilən görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalandı, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı. Ən mühüm nailiyyətlər sırasında həmçinin ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların 1 sentyabr tarixindən bağlanması xüsusi qeyd olunmalıdır.
Azərbaycanın əldə etdiyi qələbə və dövlətimizin uğurları eyni zamanda qlobal müstəvidə beynəlxalq hüququn aliliyi, fundamental ümumbəşəri prinsiplərin mütləq üstünlüyünün əyani təsdiqidir. Azərbaycanın ardıcıl səyləri nəticəsində Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açılıb və dövlət başçısının fundamental əhəmiyyətli çağırışında səsləndirdiyi kimi birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurula bilər”, - deyə deputat bildirib.