Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Hacıyev məlumatı "X" sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, görüş zamanı Azərbaycanla Aİ arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı əsaslı müzakirələr aparılıb. Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronka minnətdarlığını ifadə edib.
Hacıyev Komitəyə Azərbaycanın regionda irəli sürdüyü sülh gündəliyi, o cümlədən sülhün iqtisadi faydaları, Zəngəzur dəhlizinin inkişafı və etimad quruculuğu tədbirləri barədə məlumat verib. Komitə üzvlərinin Aİ ilə əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi üçün gələcək addımları dəstəklədiklərini ifadə etdiklərinə görə təşəkkürünü bildirib.
