Bakı. Trend:
“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər 1992-ci ildə qurulduğu gündən bəri əhəmiyyətli inkişaf mərhələsi keçib. Bu, iki dost ölkənin rəhbərləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin nəticəsidir. Hər iki ölkə arasında çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib. Xüsusilə, ölkəmizin Prezidenti, Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın sentyabrın 16-da Azərbaycana etdiyi rəsmi səfər xüsusi əhəmiyyət kəsb edir. Həmin vaxt müxtəlif sahələr üzrə 14 saziş və Anlaşma Memorandumu imzalanıb ki, bunların ən önəmlisi Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə əməkdaşlıq haqqında Sazişdir. Bu saziş çərçivəsində ilk iclas noyabrın 27-də Əbu-Dabidə keçirilib. Sənəd BƏƏ-Azərbaycan əlaqələrində mühüm bir mərhələ hesab olunur və hər iki ölkənin gələcək inkişaf tələblərinə cavab verən, bilik və innovasiyaya əsaslanan çevik bir iqtisadiyyat qurmaq istiqamətində ortaq arzularını əks etdirir.
Trend xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib. O bildirib ki, Prezident İlham Əliyevin iyul ayında Əbu-Dabiyə rəsmi səfəri iki dost ölkə arasında birgə yeni əməkdaşlıq sahələri açıb. “Təxminən 68 saziş və anlaşma memorandumunun imzalanması, iri investorlara enerji, davamlılıq və süni intellekt kimi müxtəlif vacib sahələrdə investisiyaların mübadiləsi üçün imkanlar açıb. 2024-cü ildə iki ölkə arasındakı ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları təşkil edib. BƏƏ-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə və ümumi maraqların əldə edilməsinə əsaslanan möhkəm dostluğu əks etdirir. İki ölkə arasında hava nəqliyyatına gəlincə, BƏƏ-nin milli aviadaşıyıcıları üçün həftəlik birbaşa uçuşların ümumi sayı təxminən 28 reysə, Azərbaycan aviaşirkətləri üçün isə həftədə 14 reysə çatıb”, - deyə səfir əlavə edib.
Diplomat vurğulayıb ki, bütün bunlar BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrinin daha parlaq gələcəyini əks etdirir.
