...

2026-cı ilin dövlət büdcəsi bütün strateji hədəflərin həyata keçirilməsinə imkan verir – Deputat

Siyasət Materials 4 Dekabr 2025 17:57 (UTC +04:00)
2026-cı ilin dövlət büdcəsi bütün strateji hədəflərin həyata keçirilməsinə imkan verir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsi qarşıya qoyulan bütün strateji vəzifələrin həyata keçirilməsi üçün kifayət qədər imkanlar yaradır.

Bu fikri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputatın sözlərinə görə, növbəti ilin dövlət büdcəsi hazırlanarkən ölkəmizin əsas inkişaf hədəfləri, Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlər və sosial-iqtisadi strategiya diqqətlə nəzərə alınıb. O vurğulayıb ki, 2026-cı ilin büdcəsi özünün ən mühüm xüsusiyyətlərindən biri olan sosial yönümlülüyünü qoruyub saxlayır.

“Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4 faiz artaraq 17 milyard 146 milyon manat təşkil edir. Bu artım əhalinin sosial rifahının yaxşılaşdırılması, həssas təbəqələrin müdafiəsinin gücləndirilməsi və sosial proqramların daha geniş şəkildə icrasına şərait yaradır”, -deputat qeyd edib.

Afət Həsənovanın sözlərinə görə, büdcənin əsas prioritetlərindən biri də ölkənin hərbi potensialının və milli təhlükəsizliyinin möhkəmləndirilməsidir. Müdafiə və təhlükəsizlik sahələrinə 8,7 milyard manat həcmində vəsait ayrılması planlaşdırılır ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir. Bu addım Azərbaycanın regional və qlobal təhlükəsizlik mühitində mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat əlavə edib ki, büdcənin digər mühüm istiqamətlərinə Qarabağ və Şərqi Zəngəzurun bərpası, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, Böyük Qayıdış proqramının davam etdirilməsi, həmçinin əhalinin sosial müdafiəsini gücləndirən yeni dəstək mexanizmlərinin həyata keçirilməsi daxildir.

“2026-cı ilin büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün 3,5 milyard manat vəsait nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinə dərhal start verildi. Qısa müddət ərzində böyük infrastruktur layihələri icra olundu, yollar, kommunikasiya xətləri, sosial obyektlər inşa edildi və artıq minlərlə soydaşımız öz doğma yurdlarına qayıdıb. Gələn il bu proses daha da sürətlənəcək və daha çox vətəndaşımızın öz torpaqlarına qovuşmasına imkan yaranacaq”, - deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat) məbləğində təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti