Bakı.Trend
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
Konfrans iştirakçılarına Prezident İlham Əliyevin müraciəti oxunub. Müraciətdə çox önəmli məslələrə toxunulub.
Politoloq Azər Qarayev mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, müraciət həm siyasi baxımdan, həm humanitar müstəvidə, həm də tarixi-mədəni aspektdə çoxqatlı və geniş mesajlar ehtiva edir.
"Çıxışın əsas ideyası ondan ibarətdir ki, Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların geri qayıdış hüququ yalnız regional problem kimi deyil, beynəlxalq hüquq, insan hüquqları və mədəni irsin qorunması sahəsində qlobal gündəliyə daxil edilməli bir məsələ kimi qiymətləndirilməlidir. Ermənistandan azərbaycanlıların çıxarılması və mədəni irsin məhv edilməsi təsadüfi hadisə deyil, ardıcıl və planlı fəaliyyət kimi təqdim olunur. Qəbiristanlıqların, dini məbədlərin, yaşayış məskənlərinin, maddi və qeyri-maddi irsin məhv edilməsi beynəlxalq səviyyədə sübutu olan tarixi reallıq kimi göstərilir. Bu yanaşma qayıdış məsələsinin yalnız siyasi yox, həm də tarixi-etik məsələ olduğunu ön plana çıxarır", - deyə Azər Qarayev bildirib.
Politoloq qeyd edib ki, müraciətin ən mühüm məqamlarından biri geri qayıdış hüququnun konkret beynəlxalq sənədlərdə təsbit edilməsinə istinadlardır:
"Qayıdış tələbi siyasi iddia deyil, hüquqi və beynəlxalq standartlara uyğun haqqdır.Ermənistan bu hüququ təmin etməyə borcludur; çünki bu, BMT sənədlərində birmənalı şəkildə tanınan fundamental insan hüququdur. Bundan başqa Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası da əsas məsələlərdəndir. Bu məsələ mədəni diplomatiyanın əsas elementidir. Münaqişədən sonrakı dövr üçün etimad yaratma prosesinin ayrılmaz hissəsidir, beynəlxalq təşkilatlar üçün yeni fəaliyyət istiqaməti açır. Bu vurğular göstərir ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın qurulması üçün mədəni irsi siyasi mübahisə predmetinə çevirmir, əksinə, ümumbəşəri dəyərlərin qorunması kontekstində təqdim edir".
Politoloq qeyd edib ki, Azərbaycan cəmiyyəti revanşizmdən uzaqdır, yanaşması hüquqi çərçivədədir:
"Qayıdış ideyası heç vaxt başqa dövlətin ərazi bütövlüyünə təhdid kimi formalaşdırılmır.Bu məsələ Ermənistanla sülh əlaqələrinin qurulması fonunda çox həssas və strateji baxımdan əhəmiyyətlidir. Prezident İlham Əliyevin 2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə olunan Birgə Bəyannaməyə və sülh sazişinin paraflanmasına istinad etməsi müraciətin siyasi mesajını daha da gücləndirir. Bu, qayıdış hüququ məsələsinin artıq yalnız humanitar gündəlikdən çıxaraq sülh prosesinin komponentinə çevrildiyini göstərir. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh perspektivləri real mərhələyə qədəm qoyur".
A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin bu müraciəti həm diplomatik, həm humanitar, həm də siyasi baxımdan çoxşaxəli əhəmiyyət daşıyır:
"Müraciət tarixi ədalətsizliklərlə bağlı beynəlxalq diqqəti yenidən cəlb edir, qayıdış hüququnun legitimliyini hüquqi əsaslarla dərinləşdirir, mədəni irsin bərpasını sülh və etimad üçün vacib mexanizm kimi təqdim edir, Ermənistanla sülh gündəliyini dəstəkləyir".
