Bakı. Trend:
Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mühüm elementlərindən biri də beynəlxalq və regional təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsidir.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
"Türk Dövlətləri Təşkilatında səmərəli işbirliyimizi xüsusi qeyd
etmək istərdim.
Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin
Hökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı biz
digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar,
nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi
sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik", - Baş nazir
vurğulayıb.
"Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki,
yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin
ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək.
Bununla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm,
texnologiya və innovasiya sahələrində nazirlər səviyyəsində dialoq
ardıcıl şəkildə gücləndirilir. Bu xətt üzrə 2024-cü ildə İstanbulda
ilk iclas, 2025-ci ildə isə Bakıda ikinci iclas keçirilmişdir.
Eyni zamanda, Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır", - Baş nazir Əli Əsədov qeyd edib.
