Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib ki, bu görüş Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mərhələsini və gələcək istiqamətlərini aydın göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
"İlk növbədə, ABŞ nümayəndə heyətinin yüksək səviyyəli və ikipartiyalı tərkibi Vaşinqtonda Azərbaycana marağın davamlı xarakter daşıdığını göstərir. Silahlı Qüvvələr və Gəlirlər komitələrinin üzvlərinin iştirakı təhlükəsizlik, müdafiə, ticarət və iqtisadi məsələlərin ABŞ Konqresi üçün prioritet mövzular olduğunu təsdiqləyir. Görüşdə Azərbaycan–Ermənistan sülh gündəliyinin xüsusi yer tutması diqqətəlayiqdir. Prezident İlham Əliyevin əldə olunmuş razılaşmaları “tarixi əhəmiyyətli” adlandırması və bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu vurğulaması Vaşinqtonun regional sülh prosesində aktiv vasitəçi kimi çıxış etdiyini göstərir. Eyni zamanda, artıq ticarət əlaqələrinin qurulması və tranzit imkanlarının açılması sülh gündəliyinin praktiki nəticələr verdiyini nümayiş etdirir".
A.Qarayev qeyd edib ki, TRIPP marşrutu ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın regionda nəqliyyat-logistika mərkəzinə çevrilmək strategiyasının davamı kimi dəyərləndirilə bilər.
Bu dəhliz həm regional inteqrasiyanı gücləndirir, həm də ABŞ və Qərb üçün alternativ nəqliyyat marşrutları baxımından əhəmiyyət daşıyır.Prezident İlham Əliyevin 907-ci düzəliş məsələsini qaldırması isə görüşün siyasi məzmununu daha da gücləndirir. Bu məsələ Azərbaycan tərəfinin ABŞ-la münasibətlərin tam normallaşdırılmasında maraqlı olduğunu və mövcud məhdudiyyətlərin artıq reallığa uyğun gəlmədiyini açıq şəkildə ifadə etdiyini göstərir. Düzəlişin fəaliyyətinin dayandırılmasının müsbət qiymətləndirilməsi Konqres üzvlərinə ünvanlanmış siyasi mesaj kimi də dəyərləndirilə bilər. Ümumilikdə, görüş Azərbaycan ABŞ münasibətlərinin yalnız regional təhlükəsizliklə məhdudlaşmadığını, enerji, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları və süni intellekt kimi gələcəyə yönəlik sahələri də əhatə etdiyini göstərir. Bu isə tərəflər arasında daha dərin və institusional əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır".
