Bakı. Trend:
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saarın iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Trend xəbər verir ki, mətbuat konfransında ölkələr arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq və regional gündəmin aktual məsələləri müzakirə olunub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxışında bildirib ki, Azərbaycan-İsrail münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir və müxtəlif sahələri əhatə edir.
Onun sözlərinə görə, bu gün iki dövlət arasında münasibətlər strateji əhəmiyyət daşıyır:
"Bir neçə gün öncə də Davosda iki ölkə liderinin görüşü də olub. Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr keçirilir. Hökumətlərarası Komissiya və Parlamentlərarası dostluq qrupu da fəaliyyət göstərir".
Ceyhun Bayramov qeyd edib ki, israilli həmkarına Azərbaycan-Ermənistan münasibətləri barədə məlumat verib, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan xarici işlər naziri iqtisadi əməkdaşlıq məsələlərinə də diqqət çəkib.
O bildirib ki, 2025-ci ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 2 dəfə artıb:
“Azərbaycan və İsrail arasında hazırda 20 təyyarə reysi mövcuddur. Danışıqların nəticələrindən asılı olaraq həmin sayın artırılması gözlənilir”.
Ceyhun Bayramov əlavə edib ki, hazırda ölkəmizdə 124 İsrail şirkəti fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir.
"2025-ci ildə SOCAR ilk dəfə olaraq İsrailin Aralıq dənizindəki ən böyük layihələrindən birində 10 faizlik pay aldı. Artıq biz orada İsrailin nəhəng biznes layihəsində investor kimi çıxış edirik", - deyə nazir vurğulayıb.
İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar isə çıxışında bildirib ki, İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır və eyni zamanda öz bilik və təcrübəsini bölüşməyə hazırdır.
Onun sözlərinə görə, İsrail Azərbaycanla iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir.
“Bu səbəbdən mən Bakıya su təchizatı, kibertəhlükəsizlik, səhiyyə, ərzaq, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən İsrailin iqtisadi təşkilat və şirkətlərini təmsil edən 40-dan çox nümayəndədən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə gəlmişəm”, – deyə Saar qeyd edib.
İsrail xarici işlər naziri vurğulayıb ki, Azərbaycan və İsrail arasında strateji əməkdaşlığın inkişafı hər iki tərəf üçün əhəmiyyətli iqtisadi faydanı təmin edir.
G. Saarın sözlərinə görə, İsrailin Azərbaycanda səfirliyinin açılmasından sonra iki ölkə arasında əməkdaşlıq daha da möhkəmlənib.
Nazir qeyd edib ki, 2024–2025-ci illər ərzində Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin yekunlarına əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 360 milyon ABŞ dolları təşkil edib.
