Bakı. Trend:
İran regional sülh və təhlükəsizliyin qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, İran İslam Respublikası öz suverenliyinin və milli təhlükəsizliyinin müdafiəsində qətiyyətli olduğu kimi, İran xalqının maraqlarının təmin edilməsinə çalışır.
Dəmirçilu deyib ki, diplomatiyanın əsasını milli suverenliyə hörmət və qarşılıqlı maraqlar təşkil edir.
"Bu baxımdan təhdid, zorakılıq və birtərəfli, qeyri-qanuni imtiyaz tələblərinə əsaslanan danışıqların səmərəli nəticə verməsi mümkün deyildir. İran balanslaşdırılmış xarici siyasət kursuna əsaslanaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional və beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir. İran regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və nüfuzlu bir aktor kimi daim sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün dialoqu, çoxtərəfliliyi və əməkdaşlığı dəstəkləyir, bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq münasibətlərinin inkişafına çalışır", – deyə o qeyd edib.
