Münxen. Trend:
Yalnız real, pozitiv və praqmatik yanaşma ABŞ-nin Avropanın təhlükəsizliyində mövcudluğunu qoruyub saxlaya bilər.
Bu barədə Trend-ə Münxen Təhlükəsizlik Konfransı ərəfəsində Macarıstanın Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd edilib ki, hazırkı həssas və sürətlə dəyişən təhlükəsizlik mühitində NATO-nun rolu xüsusi əhəmiyyət kəsb edir:
“İttifaq Avropanın təhlükəsizliyinin təməl daşıdır. Ötən il Haaqada keçirilən sammitdə biz transatlantik əlaqələrin möhkəmliyi və Avropa müttəfiqləri ilə Kanadanın regional təhlükəsizliyin təmin edilməsində daha böyük məsuliyyət götürmək əzmi ilə bağlı aydın siqnal verdik. Avropanın müttəfiq kimi ABŞ-yə ehtiyacı var. Yalnız gerçəkçi, pozitiv və praqmatik yanaşma ABŞ-nin iştirakını qoruyub saxlamağa imkan verəcək.
Etibarlı müttəfiq kimi Macarıstan öhdəliklərin ədalətli bölüşdürülməsinə sadiqdir və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli səylər göstərir”, – nazirlikdən bildirilib.
Nazirlikdən vurğulanıb ki, Avropa İttifaqı ilə NATO arasında əməkdaşlıq böyük önəm daşıyır, belə ki, Avro-Atlantik birliyin qorunması son dərəcədə vacib olaraq qalır.
“Biz həm NATO-nun, həm də Avropa İttifaqının kompleks təhdidlər və ümumi qeyri-müəyyənliklə bağlı yeni reallıqlara uyğunlaşmasını alqışlayırıq. Bununla yanaşı, funksiyaların izafi dublikatlaşmasına və fəaliyyətin paralel istiqamətlərinə yol verilməməlidir.
Macarıstan hesab edir ki, qarşılıqlı əlaqəlilik beynəlxalq sabitliyin möhkəmlənməsinə töhfə verir. Avropa dövlətləri qlobal tərəfdaşlarla əməkdaşlığı fəallaşdırmalıdırlar. Bu fəaliyyət praqmatik və qarşılıqlı faydalı olmalıdır. Sabitliyin qorunması naminə hətta mürəkkəb tərəfdaşlar və potensial rəqiblərlə belə dialoqa açıq qalmalıyıq”, – Macarıstanın Müdafiə Nazirliyindən bildirilib.
