Bakı. Trend:
Uzun illərdir beynəlxalq münasibətlər sistemində neytrallığın simvolu kimi təqdim olunan İsveçrə bu statusunu diplomatik kapitala çevirərək qlobal münaqişələrdə vasitəçi, humanitar təşəbbüslərin isə mərkəzi kimi çıxış edib.
Bu fikirləri Trend-ə açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.
Ekspert bildirib ki, Cenevrə şəhərinin beynəlxalq təşkilatların əsas qərargahlarından birinə çevrilməsi, eləcə də bu ölkənin diplomatik platforma kimi qəbul olunması İsveçrənin formalaşdırdığı neytral imicin mühüm elementləridir. Lakin Cənubi Qafqazda, xüsusilə Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra İsveçrənin siyasi dairələrində müşahidə olunan aktivlik bu ənənəvi neytrallıq siyasətinin praktik tətbiqi ilə bağlı suallar doğurmağa başlayıb:
“2023-cü ildən sonra İsveçrə parlamentində “Swiss Peace Initiative for Nagorno-Karabakh” adlı təşəbbüs və əlaqəli siyasi platformaların formalaşdırılması bu kontekstdə xüsusi diqqət çəkir. Formal olaraq “sülh təşəbbüsü” kimi təqdim olunan bu fəaliyyət əslində artıq beynəlxalq hüquq çərçivəsində həll olunmuş ərazi məsələsini yenidən siyasi müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilə bilər.
Belə ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı və 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ üzərində ölkənin suverenliyi tam şəkildə bərpa olunub və regionda yeni geosiyasi reallıq formalaşıb.
Bu reallıq fonunda İsveçrə parlamentində müəyyən siyasi qrupların Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdləri obyektiv vasitəçilik təşəbbüsündən daha çox, regionda artıq başa çatmış münaqişənin siyasi baxımdan “dondurulmuş status” şəklində saxlanmasına yönəlmiş addım təsiri bağışlayır. Bu isə öz növbəsində Ermənistan daxilində revanşist dairələrin siyasi ritorikasını gücləndirə biləcək amil kimi çıxış edir. Münaqişənin hüquqi və faktiki olaraq başa çatdığı bir şəraitdə bu cür təşəbbüslər sülh müqaviləsinin imzalanmasına yönəlmiş diplomatik səylərin ruhuna uyğun gəlmir”.

E.Həsənov vurğulayıb ki, diqqət çəkən digər məqam isə İsveçrə parlamentində bu məsələ ilə bağlı səsləndirilən bəzi tezislərin beynəlxalq informasiya məkanında müxtəlif geosiyasi mərkəzlər tərəfindən uzun müddətdir formalaşdırılan narrativlərlə üst-üstə düşməsidir. Bu, İsveçrənin ənənəvi olaraq qorumağa çalışdığı obyektiv vasitəçi imicinin müəyyən siyasi təsirlər altında transformasiyaya uğradığı ehtimalını gündəmə gətirir. Halbuki İsveçrənin diplomatik nüfuzu məhz onun qərəzsiz və balanslı mövqeyi üzərində qurulub:
“İsveçrənin regionla bağlı mövqeyinin müzakirəsi zamanı bu ölkənin beynəlxalq humanitar institutlarla sıx bağlılığı da xüsusi qeyd olunmalıdır. Məhz İsveçrənin ev sahibliyi etdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi qurumlar uzun illərdir, münaqişə zonalarında humanitar fəaliyyət həyata keçirir. Bu təşkilatların fəaliyyəti formal olaraq humanitar prinsiplərə əsaslansa da, onların yerləşdiyi ölkənin siyasi mühiti və diplomatik prioritetləri ilə bağlı suallar zaman-zaman beynəlxalq ekspert mühitində müzakirə mövzusu olub.
Eyni zamanda, İsveçrənin son illərdə Azərbaycana qarşı tənqidi mövqedə olan siyasi fəallar və dairələr üçün aktiv fəaliyyət platformasına çevrildiyi ilə bağlı iddialar da diqqət çəkir. Bu kontekstdə xüsusilə keçmiş İsveçrə prezidenti və xarici işlər naziri Didier Burkhalter dövründə baş verən hadisələr tez-tez xatırlanır. Burkhalter 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə “Dağlıq Qarabağ münaqişəsi”nin diplomatik həlli istiqamətində proseslərdə iştirak edib. Lakin həmin dövrdə vasitəçilik fəaliyyətinin münaqişənin hüquqi mahiyyətini və tərəflərin statusunu adekvat şəkildə əks etdirib-etdirmədiyi ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilirdi”.
Siyasi şərhçi əlavə edib ki, bütün bu proseslər fonunda İsveçrənin Qarabağ məsələsində artan siyasi fəallığı onun ənənəvi neytrallıq siyasətinin mahiyyəti ilə bağlı fundamental suallar doğurur. Neytrallıq yalnız formal status deyil, eyni zamanda, konkret siyasi davranış modelidir. Əgər bu davranış modelində selektiv yanaşma elementləri müşahidə olunursa, bu, həmin ölkənin vasitəçi kimi etibarlılığına birbaşa təsir göstərir.
“Cənubi Qafqaz hazırda münaqişədən sonrakı transformasiya mərhələsini yaşayır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması üçün zəmin yaradıb. Bu mərhələdə beynəlxalq aktorların əsas rolu mövcud reallıqları qəbul etmək və sülh prosesinə konstruktiv töhfə verməkdən ibarət olmalıdır. Əks halda, artıq tarixə qovuşmuş münaqişə elementlərini yenidən siyasi gündəmə gətirmək cəhdləri yalnız regional sabitliyin möhkəmlənməsinə deyil, əksinə, yeni siyasi gərginlik risklərinin yaranmasına xidmət edə bilər.
İsveçrənin gələcək addımları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu ölkə ya özünün formalaşdırdığı klassik neytrallıq və obyektiv vasitəçilik ənənəsinə sadiq qalaraq sülh prosesinə balanslı töhfə verəcək, ya da müəyyən siyasi təsirlərin iştirakçısına çevrilərək uzun illər ərzində qazandığı diplomatik nüfuzunu risk altına qoyacaq. Mövcud geosiyasi reallıqlar şəraitində beynəlxalq aktorların əsas məsuliyyəti artıq həll olunmuş münaqişələri yenidən siyasiləşdirmək deyil, davamlı sülhün möhkəmləndirilməsinə xidmət etməkdir”, - deyə o fikirlərini yekunlaşdırıb.
