ATƏT hələlik Azərbaycanın iqtidar və müxalifəti arasında yeni dialoq təşkil etməyi planlaşdırmır. Trend bildirir ki, sentyabrın 12-də ATƏT-in Bakı ofisinin başçısı, səfir Maurisio Pavesssi toplantı azadlığında vətəndaşların hüquqlarının təmin edilməsi ilə bağlı məsələlərin müzakirəsinə həsr edilmiş seminardan sonra bu bəyanatla çıxış edib.
ATƏT ofisinin başçısı iqtidar və müxalifət nümayəndələrinin ümummilli məsələlərin müzakirəsinə cəlb edilməsi imkanını yaradan tədbirləri müsbət qiymətləndirib.
"Bu görüşlərin nəticələri, şübhəsiz ki, çox müsbətdir.Amma görüşdə "aksiyaların keçirilməsinin qadağan edilməsi onunla bağlıdır ki, həmin aksiyalar ictimaiyyətin istirahətinə mane olur"kimi işarələr eşidəndə başa düşmək olar ki, başa çatan seminarın nəticələri necədir"-deyə M. Pavessi bildirib.
Qeyd edək ki,ATƏT-in Bakı ofisinin təşkil etdiyi seminarda siyasi partiya liderləri ilə yanaşı, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Quba və Naxçıvan şəhər icra hakimiyyətlərinin, eləcə də respublika paytaxtının hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.
Hakim "Yeni Azərbaycan" partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov seminarın yekunlarını Trend ə şərh edərkən bəyan edib ki, toplantı azadlığında vətəndaşların hüquqlarının təmin edilməsi məsələləri üzrə hazırkı qanunvericiliyə heç bir dəyişiklik edilməyəcək. "Azərbaycanda "Toplantı azadlığı haqqında" qanun qüvvədədir və ona dəyişikliyə ehtiyac yoxdur"-deyə S. Novruzov vurğulayıb.