Sentyabrın 23-də Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan və partiyanın sədr müavini Elman Məmmədzadə ATƏT-in Azərbaycanda müşahidə missiyasının rəhbərlərindən biri Rafaelle Marti ilə görüşüb. Bu barədə Trend ə Əvəz Temirxan məlumat verib.
Görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, bu seçkidə benyəlxalq təşkilatların müşahidəçilik etməsi, seçki qanunvericiliyinə heç bir dəyişikliyin olunmaması və digər məsələlər barədə müzakirələr aparılıb. Liberal Partiyasının rəhbərləri ATƏT mümayəndəsinə seçkiöncəsi vəziyyət, öz partiyalarının namizədləri, onların seçki kampaniyaları barədə məlumat veriblər. Eyni zamanda seçki qanunvericiliyinin yaratdığı problemlər, seçki kampaniyasının mərhələlərində baş verən qeyri-demokratik hallar barədə də fikirlərini qonağın diqqətinə çatdırıblar.
Həmçinin ALP-nin də artıq müdafiə etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin deputat toxunulmazlığının ləğv olunması, ölkəyə qayıtmasına və parlament seçkisində iştirakına şərait yaradılmaması barədə məlumat veriblər.
ALP funksionerləri ATƏT-in, Avropa Şurasının da ünvanına iradlarını bildiriblər, onların fikrincə, beynəlxalq təşkilatlar onların tövsiyələrinin Azərbaycan hökumət tərəfindən qəbul olunmasına, ölkədə azad, demokratik seçki keçirilməsinə daha ciddi şəkildə təkid etməlidirlər.
"Seçki ilə bağlı baş verən qanun pozutularına, qeyri-demokratikliyə görə Azərbaycan hakimiyyəti ilə bərabər beynəlxalq təşkilatlar da məsuliyyət daşıyırlar"-deyə Əvəz Temirxan vurğulayıb.