...

"Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanun layihələri parlamentin müzakirəsinə təqdim edilib

Siyasət Materials 24 Yanvar 2006 18:19 (UTC +04:00)

Yanvarın 24-də Milli Məclisin 6 daimi komissiyasının toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanun layihələri və yaz sessiyası üçün iş planı müzakirə edilib.

Qeyd edək ki, toplantıda İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, dövlət quruculuğu və hüquq siyasəti və İnsan hüquqları daimi komissiyalarının rəhbərəlri və üzvləri ilə yanaşı Sosial Müdafiə Fondunun sədri və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri də iştirak ediblər.

İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov adıçəkilən qanun layihələri ilə bağlı fikrini söyləyərək bildirib: "Hazırda 125 min manat təşkil edən pensiyanın həddi 175 min manata çatdırılmalıdır. Bu proses orta aylıq əmək haqqı, ya da istehlak səbəti ilə əlaqələndirilməlidir. Sosial sığorta isə inflyasiya ilə tənzimlənməlidir".

Digər millət vəkilləri Əli Məsimovla İqbal Ağazadə isə pensiya ilə bağlı yaş həddinə toxunublar. Millət vəkilləri bildiriblər ki, qanunda kişilər üçün nəzərdə tutulan 62 yaş 60-a, qadınlar üçün nəzərdə tutulan 57 yaş isə 55-ə endirilməlidir.

Sosial Müdafəi Fondunun sədri Səlim Müslümov millət vəkillərini maraqlandıran suallara cavab verdikdən sonra hər iki sənəd üzərində düzəlişlər edilməklə təsdiq olunmaq üçün parlamentin müzakirəsinə təqdim edilməsi məqsədəuyğun hesab edilib.

Xəbər lenti

Xəbər lenti