Naxçıvan əhalisinə göstərilən pullu xidmətlər 2005-ci ildə 12,5 faiz artıb. Bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət statistika komitəsinin sədri Bəxtiyar İsmaylov komitənin keçirdiyi 2005-ci ilin yekunlarına həsr olunmuş iclasında deyib. Məlumat Trend ə statistika komitəsində verilib.
Komitə sədri məruzəsində onu da bildirib ki, Muxtar Respublikada sosial-iqtisadi proseslərin müşahidə olunması kimi şərəfli işi statistiklər həyata keçirir. 2005-ci il ərzində Muxtar Respublika iqtisadiyyatının əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 2004-cü ilin səviyyəsini 26,5% üstələyərək 1 trilyon 503 milyard manata (köhnə manatla) çatıb. Bu dövr ərzində əsas kapitala yönəlmiş investisiyaların həcmi ötən illə müqayisədə 57,2%, kənd təsərrüfatının ümumi məhsulunun 12,5%, nəqliyyat sektorunda yükdaşınması 13,6%, rabitə xidmətlrinin həcmi 20,7%, pərakəndə əmtəə dövriyyəsi 14,1%, əhaliyə göstərilən pullu xidmətlər 12,5% artıb.
Yığıncaqda o da qeyd olundu ki, NMR Ali Məclisi sədrinin 05 dekabr 2005-ci il tarixli 3-III FR nömrəli "NMR-nın Dövlət statistika komitəsi haqqında" əsasnamənin təsdiq edilməsi barədə" Fərmanı ilə komitənin əsasnaməsi təsdiq edilərək onun vəzifələri, funksiyaları və hüquqları bir daha müəyyənləşdirilib. Məruzə və çıxışlarda qeyd olunub ki, bəzən Mərkəzi aparatın və yerli statistika orqanlarının əməkdaşları müvafiq hesabatları yığmaqla öz işlərini bitmiş hesab edirlər. Hələ də bir sıra hüquqi və fiziki şəxslər müvafiq hesabatları səhvlərlə təqdim edir, əməkdaşlar isə bunların məntiqi yoxlanılmasını tam başa çatdırmır. Yerli statistika orqanlarında isə, qeyd olunan çatışmamazlıqlar qabarıq şəkildə nəzərə çarpır, hətta bu orqanların məsul şəxsləri müasir təcrübə və metodoloji işlərlə ayaqlaşa bilmir. Sədərək, Şahbuz, Kəngərli, Babək, Cülfa rayon statistika idarələrində adıçəkilən nöqsanlar dəfələrlə təkrarlanıb.
İclasda NMP Ali Məclisi aparatının şöbə müdiri Emil Zeynalov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb, 2006-ci ildə buraxılan nöqsanların aradan qaldırılması yollarını göstərib.