Ermənistan -Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin 2006-cı ildə nizama salınma şansı var və çox yüksəkdir. Lakin əldə olan imkanlardan istifadə etmək lazımdır. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov iyunun 9-da jurnalistlərə verdiyi müsahibəsində bildirib.
A.Əzimov bildirib: "Əldə olan şansdan istifadə etməyən tərəf uduzacaq" və qeyd edib ki, "əgər Azərbaycan bu günə qədər gözləyibsə, bir az da gözləyə bilər. Lakin biz öz mövqeyimizdən əl çəkmək fikrində deyilik, bizim mövqelərimiz prinsipialdır. Təklif və mövqelərimizin böyük hissəsi konstruktivdir. Əgər biz Azərbaycanın təklif etdiyi istiqamətdə hərəkət etsək, mənim fikrimcə, o zaman bir nəticəyə nail ola bilərik".
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Azərbaycan XİN nazir müavini qeyd edib: "Aydındır ki, ölkə əraziləri erməni işğalından azad olmalı və qaçqınlar öz evlərinə qaytarılmalıdırlar. Bundan sonra vəziyyətin normallaşdırılması mümkün olacaq".
Bununla yanaşı A.Əzimov qeyd edib ki, rəsmi Bakının mövqeyi yalnız torpaqların erməni işğalından azad edilməsindən ibarət deyil. A.Əzimov bildirib: "Prezident İlham Əliyev irəliyə baxır. Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dinc şəkildə birgə yaşamasının bünövrəsini qoymaq niyyətindədir. Azərbaycan dövləti bu birgəliyin zamini qismində çıxış edəcək. Yalnız Azərbaycanın ərazi bütövlüyünü nəzərə almaqla, sülhə nail olmaq olar".