...

Sərdar Cəlaloğu: "Bələdiyyə seçkilərində iştirak edən üzvlərimiz partiya sıralarından xaric ediliblər"

Siyasət Materials 16 Avqust 2006 17:07 (UTC +04:00)

"Azadlıq" blokunda təmsil olunan partiyaların bələdiyyə seçkilərində iştirak edən üzvləri partiya sıralarından xaric ediliblər. Bu barədə Trend ə blokun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

O, 8 nəfər ADP, 23 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvünün bələdiyyə seçkilərində namizəd olması barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarını təkzib edib. S.Cəlaloğlu bildirib ki, "Azadlıq" bloku bələdiyyə seçkilərində iştirak etmədiyi üçün bu partiyaların üzvləri də namizəd ola bilməzlər. S.Cəlaloğlu qeyd edib ki, partiya bu məlumatları araşdırıb və 2 nəfər ADP üzvünün seçkidə iştirak etdiyi məlum olub: "Biz üzvlərə bildirdik ki, ya partiyanın ümumi qərarına riayət edib seçkidən imtina etsinlər, ya da partiya sıralarında fəaliyyətlərini dayandırsınlar. Bundan sonra 2 nəfər ADP üzvü ərizə yazaraq partiya üzvlüyündən çıxdığını bildirdi. AXCP üzvlərindən də cəmi 2-3 nəfər namizədliyini verib və onlar da partiya sıralarından uzaqlaşdırılıblar. Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasından isə heç kəs seçkidə iştirak etmir".

S.Cəlaloğlu deyib ki, "Azadlıq" blokunun Sədrlər Şurasının son toplantısında da bələdiyyə seçkiləri ilə bağlı müzkirələr aparılıb və seçkinin boykot olunması qərarı bir daha təqdir edilib, həmçinin seçkinin müşahidəsinin aparılmaması da qərara alınıb. S.Cəlaloğlunun sözlərinə görə, fövqəladə hadisə və proseslər baş verməsə, blokun Sədrlər Şurasının növbəti toplantısı sentyabrda olacaq.

Xəbər lenti

Xəbər lenti